Cənubi Qafqazda inteqrasiya və əməkdaşlıq mühitinin formalaşması

57

Bəşər tarixində müddətindən və şiddətindən asılı olmayaraq, demək olar ki bütün hərbi münaqişələr sonda sülh razılaşması ilə yekunlaşıb.

Zaman ötüb və uzun illər bir-birinə qatı düşmən kəsilən xalqlar əmin-amanlıq və hüzur içində yaşamağa davam ediblər. Sülh şəraitində, məhrumiyyətlərsiz və ağır itkilərsiz ömür sürmək hər insanın fitrətindən irəli gələn normal istəyidir. Nə qədər döyüşkən və qana susamış olsa da, bir gün hər kəs münaqişələrdənsə barışın üstün olmasını anlayır. Amma tarixin yaddaşında bəzi şəxslər də var ki, qanlı toqquşmaların ən qızğın çağında belə nəinki sabahı, hətta uzaq gələcəyi, sülhün bərqərar olacağı, indiki düşmənlərin əl sıxacağı günü görməyi bacarıb. Azərbaycanın ağır siyasi və ictimai durumunda ümummilli lider Heydər Əliyev nəinki son nəfəsinə qədər bütün vücudu ilə xidmət göstərdiyi dövlətin rifahını labüd edən layihənin, bütün Qafqazda sülhün, əmin-amanlığın, siyasi sabitliyin, iqtisadi və mədəni inteqrasiyanın müəllifi kimi çıxış etdi, “Qafqazda sülh”, “Ümumi Qafqaz evi” ideyasını irəli sürdü.

Sözsüz ki, o zamanlar çoxları bunu dərk etmədi, anlamadı, reallığın məngənəsində sıxışmış halda o arzuolunan günü sezmədi. Amma Heydər Əliyev bu gün güclü və müasir Azərbaycanın addım-addım reallaşdırdığı gerçəkliyə xalqını az qala 30 il əvvəl istiqamətləndirmişdi: “Qafqazda gedən prosesləri düzgün istiqamətə, sülh istiqamətinə yönəldib Qafqazda sülhə, əmin-amanlığa nail olmaq çox böyük, müqəddəs məqsəddir, ali məqsəddir və biz bu məqsəd uğrunda bundan sonra da əzmlə çalışacağıq”. Və təsadüfi deyil ki, Gürcüstanın o zamankı Prezidenti Eduard Şevardnadze “Prezident Heydər Əliyev Qafqazda sülh təşəbbüsünü dəstəkləyən ilk dövlət başçısıdır” söyləməklə Ümummilli liderin Cənubi Qafqazda inteqrasiya və əməkdaşlıq mühitinin formalaşmasındakı müstəsna roluna işarə etmişdi.

Bəli, məhz Heydər Əliyev bütün Qafqaz bölgəsində sülhün yaradılması təşəbbüsü ilə çıxış edib, onun təklifi ilə imzalanmış “Qafqaz regionunda sülh, sabitlik və təhlükəsizlik haqqında” Tbilisi Bəyannaməsində (1996) “Ümumi Qafqaz evi” ideyası dəstəklənib. Heydər Əliyev ATƏT-in İstanbul zirvə görüşündə (1999) “Cənubi Qafqazda sülh, təhlükəsizlik və əməkdaşlıq paktı”nın yaradılması təklifi ilə çıxış edib, bu təklif bir çox region dövlətləri tərəfindən müdafiə olunub. Nəzərə almaq lazımdır ki, bütün bu əməkdaşlıq təşəbbüsləri Ermənistanın Azərbaycanın 20 faiz əzəli torpaqlarını işğal etməsi, status-kvonu hər vəchlə saxlaması, eyni zamanda regiondakı intensiv iqtisadi əlaqələrin bərqərar olmasını iflic vəziyyətə gətirməsi fonunda irəli sürülürdü.

Azərbaycanda bu strategiyaya istər Heydər Əliyev, istərsə də onun davamçısı – Prezident İlham Əliyev sadiq qalıblar. Qarabağ ətrafında münaqişənin sülh danışıqları ilə nizamlanması səyləri uzun illər bütün dünyanın gözü qarşısında davam etdi. Amma qarşı tərəfin qeyri adekvatlığı Vətən müharibəsini qaçılmaz məcburiyyətə çevirdi. 44 gün davam edən savaşda Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. Bölgədə yeni siyasi durum yarandı. Və dərhal da İlham Əliyevin səsləndirdiyi bəyanat-çağırış dövlətimizin nə dərəcədə Ümummilli liderin təyin etdiyi xətdən zərrə qədər dönməməsinə bir sübut oldu: “İkinci Qarabağ müharibəsi Cənubi Qafqazda vəziyyəti tam dəyişdiyi üçün regionda yeni yanaşmaya, yeni gündəliyə ehtiyac var”. Ölkə başçısı bir zamanlar Ümummilli lider tərəfindən irəli sürülən “Ümumi Qafqaz evi” ideyasına yeni nəfəs verdi: “Bu günə qədər Azərbaycanın Gürcüstanla əlaqələri vardır, Ermənistanın da Gürcüstan ilə münasibətləri var, lakin Azərbaycan ilə Ermənistan arasında hər hansı bir təmas və ya əməkdaşlıq yox idi. Bəlkə də artıq üçtərəfli əməkdaşlığın mümkün olub-olmamasına baxmağın vaxtı çatıb”.

Bəlkə də dövlət başçısının bu təklifləri bəziləri üçün adi görünə bilər. Amma düşünənlər, tarixə, qarşı tərəfin onilliklər ərzində insanlarımıza yaşatdığı məhrumiyyətlərdən az da olsa bələd olanlar üçün İlham Əliyevin bəyanatları Prezidentin timsalında xalqımızın nə dərəcədə müdrik və böyük, kin-küdurətdən uzaq olmasının əyani təzahürüdür.  

Bəli, Azərbaycan gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır. Ölkəmiz artıq çox mühüm təkliflərlə və təşəbbüslərlə çıxış edib, həmin təşəbbüslərin əsası isə 10 noyabr 2020-ci il tarixli üçtərəfli birgə Bəyanatda əks olunub. Bütün təklif olunan layihələrin reallaşdırılması üçün Azərbaycan dövləti tərəfindən texniki və maliyyə imkanları ayrılıb. 2020-ci ilin noyabrın 10-da imzalanan sənədlərdə nəzərdə tutulmuş Zəngəzur dəhlizi açıldıqdan sonra isə bütün region ölkələri üçün yeni imkanlar yaranacaq.

Artıq qeyd etdiyimiz kimi, Azərbaycan istər ən ağır siyasi və iqtisadi durumunda, torpaqları işğal altında olduğu dönəmdə, istərsə də regionun ən inkişaf etmiş dövlətinə çevrildiyi və ərazi bütövlüyünü bərpa etdikdən sonra regionda sülhün, əməkdaşlığın və inteqrasiyanın tərəfdaşı olub. Amma bütün bu layihələrin birtərəfli icrası mümkünsüzdür. Ermənistan da Cənubi Qafqazın ümumi gələcəyi naminə illərdir Azərbaycana qarşı yürütdüyü düşmənçilik siyasətinə son qoymalı, onun planlaşdırılması prosesinə qoşulmalıdır. Bu baxımdan da Ermənistan siyasətçiləri və ziyalılarının üzərinə olduqca məsuliyyətli vəzifə düşür. Onlar erməni xalqının bütün təbəqələrinin nümayəndələrinə xoşbəxt gələcəyin regionda dayanıqlı inkişafın, sülhün və təhlükəsizliyin təmin edilməsindən keçdiyini izah etməlidirlər. 

Sözsüz ki, istənilən, hətta ən perspektivli layihənin həyata keçməsi üçün maliyyə və texniki təminat əsas şərtdir. Bu baxımdan da “Ümumi Qafqaz Evi” konsepsiyasının reallaşdırılmasına Azərbaycanın iqtisadi potensialı, bu günə kimi regionda həyata keçirilən enerji və nəqliyyat layihələri tam şərait yaradır.

2018-ci ilə qədər birmənalı şəkildə Rusiyanın proteksiyasında olan Ermənistan Nikol Paşinyanın hakimiyyətə gəlməsi ilə siyasi vektorların istiqamətini dəyişdi, ABŞ və Avropa İttifaqı ilə daha çox əməkdaşlıq prinsiplərinə sadiqliyini göstərdi. Bu proseslər yuxarı-aşağı bu gün də davam etməkdədir. Yəqin ki, Ermənistanın yeni siyasi tərəfdaşlarının rəsmi Yerevana və erməni xalqına nə dərəcədə səmimi yanaşmasını da yaxın gələcək göstərəcək. Həm ABŞ, həm Avropa İttifaqı, həm də digər analoji qüvvələr öz potensialından istifadə edərək Ermənistanı sülh sazişi, “Ümumi Qafqaz Evi”nin irəli getməyin yeganə yolu olduğuna inandıra bilərlər. Ən azından, Ermənistanın maraqlarını öz maraqları ilə üst-üstə düşdüyünü düşünürlərsə, bunu mütləq etməlidirlər. 

İndi Cənubi Qafqazda inkişaf Ermənistanın siyasi iradəsi və gündəliyindən asılıdır. Bu gün regionda Azərbaycanla Gürcüstan arasında çox səmərəli əməkdaşlıq formatı mövcuddur. Ermənistan bu əməkdaşlıq formatına qoşularaq iqtisadi sahənin inkişafı üçün ciddi imkanlar əldə edə bilər. Bu, qonşularımızın bilavasitə öz maraqlarındadır. Xüsusən də uzun illər Azərbaycanla münaqişə səbəbindən kommunikasiyaların iflic vəziyyətində olmasından və 44 günlük müharibənin vurduğu zərbədən irəli gələn ölkənin ağır iqtisadi durumunu nəzərə alaraq.

Vüsal Əliyev