SOCAR ötən il vergi ödənişlərini 15% azaldıb

79

Dövlət Vergi Xidmətinin xətti ilə 2020-ci ilin dövlət büdcəsində neft sektoru üzrə daxilolmalarda Azərbaycan SOCAR tərəfindən büdcə ödənişləri 1 198,4 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 15% azdır.

“APA-Economics”in məlumatına görə, bu, “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində əks olunub.

Məlumata görə, neft-qaz sahəsində hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı təşkilatların ödədiyi mənfəət vergisinin həcmi 603,7 mln. manat təşkil edib.

“2020-ci ilin dövlət büdcəsində neftin qiyməti ilkin proqnozda 55 ABŞ dolları, sonra da dürüstləşmiş büdcədə 35 ABŞ dolları nisbətində götürülüb”, – rəydə qeyd olunur.

Vurğulanır ki, dövlət büdcəsinə neft sektorundan daxilolmaların 12 200 mln. manatını Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) transfertlər, 1 802,1 mln. manatını isə Dövlət Vergi Xidmətinin xətti ilə neft sektorundan daxilolmalar təşkil edib.