“ADY Express” şirkəti Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri ilə növbəti yüklərin daşınmasına start verib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin yanında “ADY Ekspress” MMC-dən Oxu.Az-a verilən məlumata əsasən, Rusiyanın nəhəng sənaye şirkətlərindən sayılan “Meçel” ilə əməkdaşlığa başlanılıb.
Əməkdaşlığa dair razılaşma, aprel ayında Moskvada keçirilən “TransRussia – 2021” nəqliyyat və logistika sərgisi çərçivəsində aparılan danışıqlar zamanı əldə olunub. Beləliklə, “Meçel-Trans” şirkəti ilə “ADY Express” MMC arasında müqavilə imzalanıb.
“ADY Express” “Meçel” şirkətinə məxsus məhsulların Gürcüstana nəqlini həyata keçirəcək. Artıq ilk yükdaşıma baş tutub. Rusiyanın “Beloretsk” stansiyasından göndərilən polad tellər yükü, 3 241 kilometr məsafəni qət edərək, Gürcüstanın Tbilisi-Tovarnaya stansiyasına çatdırılıb.
Qeyd edilib ki, “Meçel” dünyanın TOP-10 metalurji kömür istehsalçılarından biridir və Rusiyada ən böyük xüsusi polad və ərintilər istehsalçısıdır. “Meçel” şirkəti kömür mədənçiliyi, metallurgiya, enerji və logistika sahəsində 20-dən artıq müəssisəni birləşdirir.