“Suraxanı” gəmi-muzeyinin saytı müasir tələblərə uyğun hazırlanıb

99

“Azərbaycan Xəzər Dəniz Gəmimçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyinin saytı – www.surakhanishipmuseum.az həm dizayn, həm də məzmun cəhətdən müasir tələblərə uyğun hazırlanıb.

Saytda istifadəçilərin rahatlığını təmin etmək əsas prinsip kimi götürülüb. Bunun üçün ən çox istifadə olunan bölmələr əsas paneldə cəmləşdirilib.

Muzeyi ziyarət etmək istəyən şəxslərə saytın köməkliyi ilə elektron bilet əldə etmək imkanı yaradılıb. Bunun üçün “Bilet al” bölməsinə keçid etmək və ekskursiya tarixini və saatını seçmək lazımdır.

Saytın köməkliyi ilə gəmi-muzeyi virtual ziyarət etmək, zallar və zalların özəllikləri ilə tanış olmaq da mümkündür. Bu məqsədlə saytda “Virtual Tur” bölməsi mövcuddur.

Rəqəmsal səhifə gəmi-muzeydə daxili davranış və təhlükəsizlik qaydaları, ziyarət qrafiki və preskurant, o cümlədən tankerin muzeyə çevrilməsi haqqında məlumatlarla da zəngindir.

Yaxın zamanlarda “Suraxanı” gəmi-muzeyinin unikal eksponat fondu haqqında yeni səhifə də ziyarətçilərin ixtiyarına veriləcək.

Qeyd edək ki, dünyanın ilk tanker muzeyinin saytı Azərbaycan dili ilə yanaşı, rus və ingilis dillərində də fəaliyyət göstərir.

seanews.az