Yaponiyanın Şikoku adası yaxınlığında iki yük gəmisi toqquşub, itkin düşənlər var

316

Mayın 27-də gecə saatlarında Yaponiyaya məxsus yük gəmisi Marşall adalarının bayrağı altında üzən gəmi ilə toqquşduqdan sonra batıb. Gəminin göyərtəsində olan 12 heyət üzvündən 9-u xilas edilsə də, 3-ü itkin düşüb.

AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, yerli hakimiyyət orqanları hadisə barədə yerli vaxtla saat 23:55 radələrində xəbər tutublar. Bildirilir ki, 11 min ton su tutumuna malik olan “Byakko” yük gəmisi Marşall adalarında qeydiyyatda olan 2700 ton su tutumuna malik “Ulsan Pionerr” kimyəvi məhsullar daşıyan gəmi ilə Ehime prefekturasının İmabari şəhəri sahillərində toqquşub. Qəzadan sonra çevrilən yapon gəmisi 2 saat 40 dəqiqədən sonra batıb.

Yanğınsöndürmə Xidmətinin nümayəndələrinin bildirdiyinə görə, yapon gəmisindən xilas edilən 9 dənizçi hazırda xəstəxanaya yerləşdirilib və onların həyatı üçün heç bir təhlükə yoxdur.

“Ulsan Pionerr” gəmisində olan 13 nəfər heyət üzvünün isə Cənubi Koreya və Myanma vətəndaşları olduğu bildirilir. Bu gəminin heyət üzvlərindən heç biri xəsarət almayıb.

Hazırda Sahil Mühafizəsi Xidmətinin gəmilərinin və balıqçı gəmilərinin itkin düşənləri axtardığı bildirilir.