Yeni Naxçıvan dəhlizi və onun regional əməkdaşlığa TÖHFƏLƏRİ

595

Qismət Gözəlov,
Türk Şurası Baş katibinin müavini

Azərbaycan, Ermənistan və Rusiya tərəfindən 10 Noyabrda imzalanmış üçtərəfli müqavilənin müddəaları tam yerinə yetirilərsə, təhlükəsizliklə əlaqədar 30 ilə yaxındır reallaşdırılmayan regional əməkdaşlıq potensialının yeni nəqliyyat xətlərinin yaradılması və sonrakı regional iqtisadi fəaliyyət sayəsində aktivləşməsi mümkündür. Zira 10 noyabr tarixli müqavilənin 9-cu maddəsinə görə, bölgədəki bütün iqtisadiyyat və nəqliyyat əlaqələri bərpa ediləcək. Yenə də sözügedən maddədə Ermənistanın Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin təhlükəsizliyinə və hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və malların maneəsiz hərəkətinə təminat verdiyi müddəası nəzərdə tutulur. Bu müddəa Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə “Zəngəzur dəhlizi” adlandırıldığı və bəzi akademik dairələrdə və nəqliyyat camiəsində “Naxçıvan dəhlizi” adlandırılan nəqliyyat xəttinin Ermənistan tərəfindən qəbul edildiyi deməkdir. Həyata keçiriləcəyi təqdirdə, bu dəhliz Azərbaycan, Ermənistan və Naxçıvan Muxtar Respublikası, eləcə də bölgədəki ölkələr, Türkiyə, Rusiya, İran və Orta Asiya türk respublikaları üçün yeni iqtisadi və ticarət imkanları yaradacaq.

Hər şeydən əvvəl, bu dəhliz Azərbaycanla birbaşa quru nəqliyyatına malik olmayan Naxçıvan Muxtar Respublikası arasında əlaqə yaradacaq və Türkiyədən başqa, dünyaya çıxışı məhdud olan Naxçıvan Muxtar Respublikasının mühasirədən çıxmasına şərait yaradacaq. Hazırda Naxçıvanla Azərbaycanın digər bölgələri arasında quru və hava əlaqələri ya cənubda İran, ya da qərbdə Türkiyə vasitəsilə təmin edilir. Yeni status-kvo Naxçıvan və Azərbaycan üçün yeni iqtisadi inkişaf imkanları yaradacaq, səyahət müddətini qısaldacaq və göndərmə xərclərini azaldacaq. Naxçıvan Muxtar Respublikasının təhlükəsizlik problemlərini də aradan qaldıracaq.

Əslində, dəhlizin meydana gətirdiyi əlavə dəyərin bundan daha çox potensialı mövcuddur. Avropa-Asiya ticarət əlaqələri baxımından qiymətləndirildikdə, Naxçıvan dəhlizi həm Cənubi Qafqazdan keçən həm şimal-cənub, həm də şərq-qərb nəqliyyat dəhlizlərinin bir hissəsi olmağa namizəddir. Naxçıvan dəhlizi Türk Şurasına üzv dövlətlərdən keçən Avropa ilə Asiya arasında ən qısa dəhliz olan Orta dəhlizə yeni bir arteriya əlavə edəcək və bölgə ölkələri üçün regional nəqliyyat xətti olaraq iqtisadi imkanlar yaradacaqdır. Xüsusilə Covid-19 pandemiyası səbəbilə ölkələrin iqtisadi itkilərini kompensasiya etməyə çalışdıqları indiki zamanda  Naxçıvan dəhlizinin bölgəyə yeni iqtisadi və ticari dinamizm gətirəcəyini  söyləmək yanlış olmaz.

Naxçıvan dəhlizinin daşımalı olduğu digər bir strateji dəyər, Türkiyə ilə qardaş türk dövlətləri arasında birbaşa əlaqə təmin edən yeni bir xətt yaratmasıdır. Bu dəhlizdən istifadə edərək Türkiyə Gürcüstan və İranın quru yollarından istifadə etmədən birbaşa Azərbaycana və oradan Orta Asiya türk respublikalarına getmək imkanı qazanacaq. Üstəlik, Azərbaycanı Gürcüstan üzərindən Türkiyəyə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu ilə müqayisədə yeni dəhlizin təxminən 340 kilometr qısa olacağı proqnozlaşdırılır. Bu dəhliz, nəqliyyat məsafəsini qısaltmaq və göndərmə xərclərini azaltmaq üçün orta dəhlizdə ikitərəfli və çoxtərəfli ticarət, yük və sərnişin daşımalarını təşviq edəcəkdir. Türkiyə-Çin Quru Yolu Nəqliyyat Sazişinin qüvvəyə mindiyi bir dövrdə nəqliyyat xərclərini azaldacaq və Avropa ilə Asiyanı birləşdirən müstəvidə əməliyyatları sürətləndirəcək bir xəttin fəaliyyətə başlaması ümidləri artırır.

Dəhlizin yuxarıda göstərilən potensialı Türk Şurası dövlət başçıları tərəfindən hər fürsətdə etiraf olunur. 31 Mart 2021-ci il tarixində keçirilmiş qeyri-rəsmi Türk Şurası sammitində çıxış edən Türk Şurasının Fəxri Prezidenti və Qazaxıstanın Qurucu Prezidenti Nursultan Nazarbayev orta dəhlizlə bağlı bu açıqlamaları vermişdi: Bakı ilə İrəvan arasındakı sülh razılaşmaları Böyük İpək Yolunu canlandıracaq, Xəzər dənizinin rolunu artıracaq. Bu da ölkələrimizə Çinin “Bir kəmər-bir yol” təşəbbüsünün üstünlüklərindən səmərəli istifadə etmələri üçün yeni imkanlar açacaqdır. Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi və ya Turan Dəhlizi Avropa ilə Asiyanı birləşdirən ən təhlükəsiz və ən qısa ticarət yoluna çevrilir ”.

Eynilə Türk Şurasının dövrü sədri və Azərbaycan Prezidenti İlham Əliyev sammitdəki çıxışında Qarabağ müharibəsinin bitdiyini və problemin tarixdə qaldığını vurğulayaraq demişdi: “Müharibə başa çatdı, münaqişə tarixdə qaldı. Yeni imkanlar yarandı. Onların arasında hesab edirəm ki, ən vacib imkan nəqliyyat imkanlarıdır. Bu gün biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq. Naxçıvanda keçirilmiş Zirvə görüşündə mən demişdim ki, vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi. Çünki əgər xəritəyə baxsaq görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, türk dünyası parçalanmışdırQədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq, o cümlədən, Ermənistan üçün. (Ermənistanın hazırda onun müttəfiqi olan Rusiya ilə dəmir yolu əlaqəsi yoxdur. Bu dəmir yolu əlaqəsi Azərbaycan ərazisindən yarana bilər. Ermənistanın onun qonşusu olan İranla dəmir yolu əlaqəsi yoxdur. Naxçıvan vasitəsilə bu dəmir yolu təmin edilə bilər. Azərbaycan Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşir, Orta Asiya Avropa ilə birləşir. Yəni, yeni nəqliyyat dəhlizi yaranmaqdadır)*. Artıq Azərbaycan bu işlərə start vermişdir. Əminəm ki, tərəfdaş ölkələr də bu imkanlardan istifadə edəcəklər”.

Avropa və Asiya arasında nəqliyyat və tranzit potensialının artırılmasının strateji dəyəri, bu çərçivədə nəqliyyat dəhlizlərinin inkişafı və lazımi logistika infrastrukturunun yaradılması da zirvə toplantısı çərçivəsində bütün digər dövlət başçıları tərəfindən vurğulanmışdı.

Yaranacaq Naxçıvan dəhlizindən birbaşa yararlanacaq digər iki ölkə, 10 noyabr razılaşmasını imzalayan Ermənistan və Rusiyadır. Dəhliz Rusiya üçün bölgə ölkələrinə alternativ əlaqə imkanları təmin edəcək. Rusiyanın dəmir yolu şəbəkəsinin cənub hissəsi Azərbaycan dəmir yolları ilə birləşəcək və bu əlaqədən istifadə edən Rusiya qatarları asanlıqla Naxçıvan dəhlizinə çata və daha sonra Ermənistan, Türkiyə və İrana uzanan xətlərə gedə biləcəklərSon illərdə Rusiyanın Türkiyə ilə ticarət dövriyyəsinin xeyli artdığını və Gürcüstanla mövcud ikitərəfli münasibətləri səbəbindən Gürcüstanın Gürcüstan magistral yollarından istifadə etmədiyini nəzərə alsaq, Naxçıvan dəhlizinin Rusiya üçün iqtisadi üstünlüklər verə biləcəyi görülür. Bundan əlavə, sözügedən dəhliz Rusiyanın Yaxın Şərq bazarlarına çıxması üçün alternativ yol deməkdir.

Ermənistan sazişin müddəalarını həyata keçirərək regional əməkdaşlıq imkanlarının yaradılmasını dəstəkləyərsə, Naxçıvan dəhlizindən xeyli faydalana bilər. Əvvəla, bu dəhlizdən istifadə edərək, Ermənistan iqtisadi təcridinə son verə bilər, regional nəqliyyat layihələrinə qatıla və daha da əhəmiyyətlisi, hissəsi olduğu Avrasiya İqtisadi Birliyi (AİA) bazarına quru yolu ilə təmin edə bilər.

Məlum olduğu kimi, Rusiya ilə Ermənistan arasında quru əlaqəsinin olmaması iki müttəfiqin ticarət münasibətlərinə mənfi təsir göstərir. Naxçıvan dəhlizi Ermənistanın Avrasiya İqtisadi Birliyi ilə, o cümlədən Rusiya ilə iqtisadi əlaqələrinin inkişafı üçün kritik bir layihə ola bilər. Eynilə, Ermənistan da İranla dəmir yolu bağlantısı əldə etmək üçün bu dəhlizdən faydalana bilər. Ermənistan və İran arasında Mehri bölgəsi üzərində inşa edilməsi planlaşdırılan dəmir yolu tikintisi, yüksək xərclərə görə təxirə salındı. İndi yeni dəhliz yüklərin Ermənistana və İrana daşınması ilə bağlı problemləri həll etmək üçün böyük bir şans verir.

Nəticədə, Naxçıvan dəhlizinin həm şərq-qərb, həm də şimal-cənub istiqamətlərində yüklərin daşınması üçün yeni alternativ yaratdığına görə Avropanın, Orta Asiya ölkələrinin və Çinin iqtisadi maraqlarına uyğun variantlar ortaya qoya biləcək. Dəhlizin üzə çıxaracağı potensial üstünlüklər onun zamanla Avropa ilə Asiyanı birləşdirən orta dəhlizin əsas elementlərindən biri ola biləcəyini göstərir. Bölgədəki təhlükəsizlik narahatlıqlarının aradan qaldırılması, bütün iqtisadi blokadanın ləğvi və yeni dəhlizin yaradılması regional inkişaf və əməkdaşlıq üçün əlverişli şərait yaradacaq. Yaranacaq yeni rəqabət mühiti sayəsində yeni dəhliz nəqliyyat xərclərində və digər ənənəvi marşrutların inzibati qaydalarında əhəmiyyətli dərəcədə yaxşılaşmalara səbəb olacaq və bu xətlərin səmərəliliyinə müsbət təsir göstərəcəkdir. Bu vəziyyət region ölkələrinin ikitərəfli iqtisadi və ticarət əlaqələrini artıraraq, Avropa ilə Asiya arasındakı ticarət hərəkətliliyində oynadığı tranzit rolunu gücləndirəcək.

Anadolu Agentliyi

Çevirdi: Ovqat.com