İGB-nin tikintisinin yubanması Bolqarıstanda qazın qiymətini bahalaşdırdı

51

Bolqarıstanın Energetika və Su Təminatı üzrə Tənzimləmə Komissiyası (EWRC) bu ilin iyunun 1-dən etibarən təbii qazın hər MVt/saatı üçün qiymətlərə dəyişiklik edib.

“Report”un Bolqarıstan mətbuatına istinadən verdiyi məlumata görə, komissiya qaz satışı ilə məşğul olan konsernlərinin Bolqarıstanın “Bulgargas” şirkəti üçün hər MVt/saatına 45,27 lev qiymətində müəyyən edib.

Məlumata görə, bu yeni qiymətə boru xəttinə qoşulma, ötürmə, aksiz və əlavə dəyər vergisi (ƏDV) xərcləri istisna edilir. İyun qiymətindən hər MVt/saatı yeni qiymət 45,27 lev təşkil edəcək ki, bu da daha əvvəlki qiymətdən 20 % çoxdur.

Xatırladaq ki, qiymət artımından əvvəl hər MVt/saatı üçün qiymət 37,71 lev təşkil edib.

Komissiyanın açıqlamasında deyilir ki, qazın bahalaşması iyun ayında istilik və elektrik enerjisi qiymətlərinin artması ilə nəticələnməyəcək.

Həmçinin, komissiya təbii qazın bahalaşmasının üç səbəbi sadalayıb ki, bunlardan biri də beynəlxalq qaz bazarlarında qiymətlərin davamlı artması ilə izah edilir.

Təbii qazın qiymətinin artmasına digər səbəb “Bulgargaz” şirkətinin tələb olunan qaz miqdarını digər təchizatçılardan spot qiymətlərlə alması məcburiyyətində qalmasıdır. Çünki “Turk Axını” qaz boru kəməri Türkiyə ərazisində iyunda təmir olunur.

Komissiyanın məlumatında həmçinin sonuncu səbəb kimi, Azərbaycan təbii qazının Avropya nəql edilməsi üçün nəzərdə tutulmuş Yunanıstan-Bolqarıstan İnterkonnektoru (İGB) qaz boru kəməri ilə Azərbaycandan Bolqarıstana daxil olan qazın həcminin az olmasıdır. Buna səbəb isə İGB kəmərinin istismara verilməsi gələn ilin ortasına qədər təxirə salınmasıdır.

Xatırladaq ki, IGB Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz kondensat yatağının II mərhələdə istismarı çərçivəsində hasil edilən “mavi yanacağ”ın Bolqarıstana nəqlini nəzərdə tutur. TAP-a qoşulacaq bu kəmər vasitəsilə Bolqarıstan Azərbaycandan ildə 1 milyard kubmetr təbii qaz idxal edəcək. Belə ki, “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından bu miqdarda qaz almaq üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı hesabına Bolqarıstan qaz tələbatının 25-30 %-ni ödəyə biləcək.

Qeyd edək ki, Yunanıstanla Bolqarıstan arasında çəkiləcək 240 milyon avro dəyərinə malik boru kəmərinin 2020-ci ilin sonunadək hazır olacağı nəzərə tutulurdu. Belə ki, Şahdəniz yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil olunan təbii qazın ildə 1 milyard kubmetrinin Bolqarıstana nəql ediləcəyi IGB kəməri TAP layihəsinə qoşulacaq. Bu barədə “Bulgargaz” dövlət şirkəti Şahdəniz konsorsiumu ilə 25 illik müqavilə imzalayıb. Nəticədə Bolqarıstanın təbii qaza ehtiyacının 25-30 faizi ödəniləcək.

Ümumi uzunluğu 182 km, illik ötürmə qabiliyyəti 3-5 milyard kubmetr həcmində olan IGB-nin 150 km-lik hissəsi Bolqarıstan ərazisinə düşür.