Mərmərə dənizində hər gün artan selik təbəqəsinin mənbəyi araşdırılır

41

Bu ilin fevral ayından etibarən Türkiyənin Mərmərə dənizində hər gün artan selik təbəqəsinin mənbəyinin araşdırılması məqsədilə qardaş ölkənin Orta Şərq Texniki Universitetinin (ODTÜ) dəniz elmləri üzrə mütəxəssis qrupu tədqiqatlara başlayıb.

AZƏRTAC xəbər verir ki, layihə Türkiyənin Ətraf Mühit və Şəhərsalma Nazirliyi tərəfindən həyata keçirilir.

İstanbulun müxtəlif sahillərindən Mərmərə dənizində köpük halında özünü büruzə verən bu qatı selik təbəqəsi dənizin üst qismində daha çox dib hissələrində toplanır. Bu da dəniz canlılarının tələf olması ilə nəticələnir. Bundan əlavə, selik təbəqəsi ətrafda pis qoxu ilə də müşahidə edilir.

İstanbul Böyükşəhər Bələdiyyəsindən bununla bağlı verilən açıqlamada baş verən təbiət hadisəsinin dənizdə yosunların həddindən artıq çoxalması ilə əlaqəli olduğu bildirilir. Lakin, mütəxəssislər bunu dənizin çirkliliyi ilə izah edirlər.

Tədqiqatın nəticələri iyunun dördündə baxılması üçün nazirliyin nəzdində yaradılan xüsusi komissiyaya təqdim ediləcək.