Dünya bazarında neftin qiymətinin “oynaması” neft istehsal edən ölkələri ciddi düşünməyə vadar edib. İqtisadiyyatı neft gəlirlərinin əsasında qurulan dövlətlər son 2 ildə koronavirus pandemiyasının yaratdığı çətinliklərə qatlanmaq məcburiyyətində qaldılar. Virusun dünyaya yayılması ilə tətbiq edilən karantin rejimləri yanacağa olan tələbatı azaltdığından neftin qiyməti də düşməyə başladı. Son aylar dünya bazarında 1 barel neftin qiymətinin 70 dollara çatması optimal olmaq üçün əsaslar yaradıb. Lakin ABŞ ilə İran arasında Vyanada aparılan danışıqlar barədə müsbət rəylər artıq neftin qiymətinə təsirini göstərib. Məsələnin mahiyyəti ondan ibarətdir ki, sanksiyalar altında qalan İran dünya bazarına neft çıxara bilmirdi. Danışıqların nəticəsi olaraq sanksiyalar aradan qaldırılsa dünya bazarında neftin qiymətinin yenidən düşəcəyi şərtdir. Bazar qiymətlərini formalaşdıran tələb və təklif prinsipinə əsasən İran neft ixrac etməyə başlasa bazarda təklif artacaq, bunun da məntiqə nəticəsi olaraq qiymətlər aşağı düşəcək.
Region ölkələrinə nəzər yetirsək İranın, Azərbaycanın və Rusiyanın neft hasil edən ölkələr olduğunu görərik. Deməli, neftin qiyməti bu dövlətlərin iqtisadiyyatına təsir göstərmək iqtidarındadır. Belə olan təqdirdə iqtisadiyyatın şaxələndirilməsi haqqında adı çəkilən dövlətlərin potensialı var və bu potensialdan səmərəli istifadə etmək lazımdır.
Alternativ iqtisadi sistem haqqında XXIV Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda danışılıb. Forumda Azərbaycanı təmsil edən Baş nazirin müavini Şahin Mustafayev bildirib ki, Azərbaycan Rusiya və İranla “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişaf etdirilməsi istiqamətində əməkdaşlıq edir. Pandemiya dövründə belə bu ölkələr arasında tranzit yükdaşımalar dayanmadı. Pandemiyadan əvvəlki dövrə nisbətən yükdaşımaların həcmi 19 faiz artıb ki, bu da dəhlizin əhəmiyyətli olduğunu göstərir.
Şahin Mustafayev onu da nəzərə çatdırıb ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas seqmenti olan Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xəttinin Rəşt-Astara hissəsi də inşa edilib yekunlaşsa tranzit daşımalarda daha yaxşı nəticələr əldə etmək olar. Hazırda İran tərəfi bu yolun Qəzvin-Rəşt hissəsini istismara verib. Rəşt-Astara hissəsində isə işlər davam edir. Yüklərin Avropadan Hindistan ilə Cənub-Şərqi Asiya ölkələrinə və əks istiqamətə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi vasitəsi ilə daşınması daha sərfəli və daha təhlükəsizdir. Dəhliz Rusiya, Azərbaycan və İran ərazisindən keçir.
Şahin Mustafayevin də bu məsələyə beynəlxalq tədbirdə toxunması təsadüfi xarakter daşımır. Məsələ ondan ibarətdir ki, ekspertlərin hesablamalarına görə yaxın gələcəkdə Avropa ilə Asiya ölkələri arasında ticarət dövriyyəsinin həcmi 200 milyard dollara çatacaq. Bunun üçün nəqliyyat yollarının təhlükəsiz və asan olması olduqca vacibdir.
Bu günə kimi adı çəkilən qitələr arasındakı yükdaşımalar Süveyş kanalı vasitəsilə həyata keçirilir. Lakin bu yol uzun və çox xərc tələb edir. Eyni zamanda, bir neçə ölkədən keçərək gəmilər dəfələrlə gömrük rəsmiləşdirilməsindən keçməli və elə o qədər də rüsum ödəməli olurlar. Lakin “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yükləri tez, təhlükəsiz və az xərc çəkməklə daşımaq olar. Misal üçün Körfəz ölkələrindən çıxan gəmi Süveyş kanalından keçməklə yükləri 1 ay müddətinə Avropaya çatdırır. Lakin gəmilərlə yüklər İranın körfəzdəki Bəndər-Abbas limanına daxil olarsa buradan qatarla Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu ilə Azərbaycan və Rusiya ərazisindən tranzit olaraq Şimali Avropaya qədər cəmi 15 günə daşınar. Nəqliyyat xərcləri isə 35-40 faizə kimi azalar. Təhlükəsizlik məsələsinə gəldikdə istər Rusiya ilə Azərbaycan, istərsə də İran bu məsələyə zəmanət verirlər. Hər 3 dövlətin əməkdaşlığı təhlükəsizliyin təmin olunması üçün zəmanətdir.
Onu da nəzərə çatdırmaq lazımdır ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi həm Hindistan ilə Cənub Şərqi Asiya ölkələrinin, həm də Körfəzi ətrafındakı ölkələrin Avropa ilə nəqliyyat əlaqəsini yaradır. Körfəz ölkələri yükləri qeyd etdiyimiz kimi Bəndər-Abbas limanına, Hindistan və Cənub-Şərqi Asiya ölkələri isə yükləri İranın Çabahar limanına gətirib buradan Avropaya yola sala bilərlər. İranın adı çəkilən hər iki limanına daxil olan yüklər Avropaya Qəzvin-Rəşt-Astara(İran) – Astara(Azərbaycan) dəmir yolu ilə daşınsa həm təhlükəsizlik təmin olunar, həm daşınma xərcləri azalar, həm də yüklər mənzil başına tez çatdırılar.
Bütün yuxarıda deyilənlərin reallığa çevrilməsi üçün Rəşt-Astara dəmir yolunun inşasını İran sürətləndirməli və bunu iqtisadi-siyasətin prioriteti hesab etməlidir.