“Ever Given” gəmisinin sığortaçısı qismində çıxış edən Britaniyanın qarşılıqlı sığorta klubu UK Club Süveyş kanalı administrasiyasının açıqlaması ilə razılaşmadığını bildirib.
Bir müddət əvvəl administrasiyanın sədri Usama Rabi açıqlamasında sözügedən qəzaya gəmi kapitanının səbəb olduğunu bildirib. İddiaya görə, gəmi normadan çox sürətlə hərəkət edib. O, həmçinin gəminin saya oturmağına başqa səbəb kimi sükan parametrlərini göstərib.
Sığortaçı isə bununla razılaşmır: “Kapitan bütün səfərə görə məsuliyyət daşısa da, gəminin tranzit kanalda naviqasiyası Süveyş kanalının lotsmanları və Süveyş kanalı administrasiyasının “Gəmilərin idarə olunması” xidməti tərəfindən aparılır. Bura tranzitin sürəti və müşaiyət üçün yedək gəmilərinin olması daxildir”.
Xatırladaq ki, aprel ayının əvvəlində “Ever Given” gəmisinin sahibi Süveyş kanalı administrasiyası tərəfindən dəymiş ziyana görə 916 milyon ABŞ dolları təzminat tələbi alıb. Sonradan bu məbləğ 550 milyon ABŞ dollarına endirilib. Məbləğin 200 milyon ABŞ dolları gəminin girova buraxılması üçün avans kimi ödənilməlidir.