Unutmadıq, Unutmarıq: Ən çətin işlərin öhdəsindən belə məharətlə gəlməyi bacaran kapitan Zeynal Əliyev – FOTO + VİDEO

280

Zeynal Əliyev Əlihüseyn oğlu 7 fevral 1932-ci ildə Bakı şəhərində anadan olub.

Bakı Dənizçilik Məktəbini bitirib. Daha sonralar Odessa Dənizçilik İnstitutunda təhsil alıb.

Əmək fəaliyyətinə matrosluqdan başlayan Zeynal Əliyev zəhməti və əzmkarlığı sayəsində qısa müddətdə kapitanlığa yüksəlməyi bacarıb.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin bir çox gəmilərində işləyən təcrübəli dənizçi son səfərinə “Bəstəkar Qara Qarayev” gəmisi ilə çıxıb.

O, dünyanın bir çox dəniz və limanlarına saysız-hesabsız səfərlər edib. Doğma Xəzər dənizi ilə yanaşı Qara, Aralıq, Qırmızı dənizlərdə də öz sevdiyi peşəsi ilə məşğul olub. 

Zeynal Əliyev Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin ən nüfuzlu kapitanlarından biri kimi yaddaşlara yazılıb. Onunla eyni gəmidə işləmək hər bir dənizçi üçün fəxr və qürur sayılıb. Bununla belə, Zeynal Əliyev onlarla kapitanın hazırlanmasında və yetişməsində əvəzsiz xidmətləri olub.  

Ən çətin işlərin öhdəsindən belə məharətlə gəlməyi bacaran kapitan bir çox medal və təltiflərə layiq görülüb.

Zeynal Əliyev ailəsinə qarşı daim xüsusi həssaslıqla yanaşıb. Övladlarının təhsil alması, vicdanlı, əqidəli böyüməsi üçün əlindən gələni edib. Qızı Almaz Quliyeva Azərbaycan Tibb Universitetini, oğlu Alı Alıyev isə Dənizçilik Məktəbini bitirib.

O, Vətəninə bağlılığı ilə seçilib. Atdığı bütün addımlarda öncə ölkəsini düşünüb, doğma torpağının adını uca tutub. Hər zaman dediyi “Gəzməyə qərib ölkə, ölməyə Vətən yaxşı” sözləri isə məzarının üzərinə həkk olunub.

Zeynal Əliyev bu gün də hörmətlə xatırlanır. Onu tanıyanlar haqqında yalnız xoş sözlər dilə gətirirlər. Təmkinli, vicdanlı, məsuliyyətli və son dərəcə  tələbkar olması Zeynal Əliyevin xarakterinə xas əsas xüsusiyyətlərdən olub.

Mahir kapitan Zeynal Əliyev 1998-ci il iyunun 10-da haqq dünyasına qovuşub.

Rövşən Abdurəhmanov – ASCO-nun İctimaiyyətlə əlaqələr departamentinin əməkdaşı