“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) törəmə şirkəti – “ADY Express” MMC Dövlət Neft Şirkətinin (SOCAR) zavodunda istehsal olunan karbamidin dəmir yolu ilə xaricə nəqlini davam etdirir.
“Report” xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, H.Z.Tağıyev stansiyasında hər birisinin çəkisi 800 kq olan boyük kisələrdə (biq baq) olan karbamid yarımvaqonlara yüklənərək Gürcüstanın Poti dəniz limanına yola salınır. Vaqonları ADY və “ADY Express” təqdim edir.
H.Zeynalabdin-Böyük Kəsik-Poti marşrutu ilə 884 kilometr yolu 3-4 günə nəql edilən karbamid daha sonra Poti limanında gəmilərə aşırılaraq dəniz vasitəsi ilə təyinatı üzrə çatdırılır.
Bu dəfə ümumilikdə 500 vaqon vasitəsi ilə 30 min ton karbamidin nəql edilməsi nəzərdə tutulur. Qeyd olunan yükün 2700 tonu 45 vaqona yüklənərək artıq yola salınıb.
2019-cu il oktyabrından (karbamidin dəmir yolu ilə nəqli başlayan aydan) 2021-ci il iyun ayı daxil olmaqla “ADY Express” ümumilikdə 100 min tondan artıq karbamid daşımağa müvəffəq olub.