Bakı Limanı Batumi limanı ilə Orta Asiyadan gübrə tranzitinə dair anlaşma memorandumu imzalayıb

356

Acarıstan Muxtar Respublikasının (MR) Batumi şəhərində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti ilə Batumi Multimodal Terminalını idarə edən “Wondernet Express Investment Qroup” arasında anlaşma memorandumu imzalanıb. Sənədə əsasən, hər iki qurum Orta Asiyadan ixrac olunan karbamid, kükürd və sair gübrələrin daşınmasının operativliyi təmin edəcək.

Azərbaycanın Batumidəki Baş konsulluğundan AZƏRTAC-a bildirilib ki, bununla əlaqədar olaraq Bakı Limanında inşasına başlanmış Gübrə terminalı və Batumidə iyunun 11-də istismara verilmiş və gübrə daşınması üçün nəzərdə tutulan Multimodal terminalı arasında operativliyin artırılması məqsədilə yük və vaqon məlumatlarının dəqiq formada ötürülməsi üçün rəqəmsal əlaqənin qurulması barədə razılıq əldə olunub. Eyni zamanda, tərəflər Asiya və Avropa arasındakı Orta Dəhlizin potensialını artırmaq məqsədilə nəqliyyat, logistika və məlumat mübadiləsi sahəsindəki əməkdaşlığı da genişləndirmək niyyətindədirlər.

Tədbirdə iki qurum arasında imzalanan anlaşma memorandumu regionda dəyişən ticarət və logistika tendensiyalarına və müasir tələblərə tam cavab verəcəyi qeyd edilib. Bildirilib ki, Orta Asiyada Türkmənistan, Özbəkistan və Qazaxıstanın birgə illik istehsalı 6,6 milyon tondan çoxdur. Təkcə Türkmənistanda, Xəzər dənizinin şərq sahillərində bu yaxınlarda istifadəyə verilmiş “Qaraboğaz” gübrə zavodunda karbamidin illik istehsal gücü 1,2 milyon tondan çoxdur ki, bu məhsulun da 90 faizdən çoxu ixrac olunmaqdadır.

Bakı Limanının inşa etdirdiyi Gübrə terminalı və Batumi limanında açılışı olan Gübrə terminalı ildə təxminən 2,5 milyon ton yük daşımaq potensialına malik olacaq ki, bu da Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşımaların artmasına ciddi təsir göstərəcək.

Anlaşma memorandumunu Bakı Limanının Liman Əməliyyatları Departamentinin müdiri Yucin Sih və Batumi Multimodal terminalın sahibi “Wondernet Express İnvestment Group” MMC-nin Baş direktoru Mamuka Murjikneli imzalayıblar.

Mərasimdə “Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı” QSC-nin Baş direktoru Taleh Ziyadov, Acarıstanın maliyyə və iqtisadiyyat naziri Jaba Putkaradze, Azərbaycanın Batumi şəhərindəki Baş konsulu Pərviz İsmayılzadə və digər rəsmi şəxslər iştirak ediblər.