Türkiyənin Mərmərə dənizində yaranan selik təbəqəsinin təmizlənməsi məqsədilə qardaş ölkədə başladılan dəniz təmizləmə səfərbərliyi tam gücü ilə davam edir.
AZƏRTAC xəbər verir ki, “Mərmərə hamımızın” şüarı ilə aparılan təmizləmə işlərinin dördüncü günündə dənizdən ümumilikdə 1197,2 kubmetr selik təbəqəsi təmizlənib. Bu rəqəmin 218,7 kubmetri İstanbul, 95,5 kubmetri Kocaeli, 88 kubmetri Bursa olmaqla Mərmərə dənizinə sahili olan bütün yeddi vilayəti əhatə edir. İlk üç gün təmizləmə işləri bu vilayətlərin 52 fərqli bölgəsində aparılıb. Hazırda bu bölgələrə daha 25-i əlavə edilərək təmizlənən ərazi sayı 77-yə çatıb.
Xatırladaq ki, bu ilin fevral ayından etibarən Türkiyənin Mərmərə dənizində hər gün artan selik təbəqəsinin mənbəyinin araşdırılması məqsədilə qardaş ölkədə dəniz elmləri üzrə mütəxəssis qrupu tərəfindən tədqiqat aparılıb.
Layihə Türkiyənin Ətraf Mühit və Şəhərsalma Nazirliyi tərəfindən həyata keçirilir.
İstanbulun müxtəlif sahillərindən Mərmərə dənizində köpük halında özünü büruzə verən bu qatı selik təbəqəsi dənizin daha çox dib hissələrində toplanır. Bu da dəniz canlılarının tələf olması ilə nəticələnir. Bundan əlavə, selik təbəqəsi ətrafda pis qoxu ilə də müşahidə edilir.