“Zəngəzur dəhlizi” böyük güclərin marağındadır – ŞƏRH

557

“Zəngəzur dəhlizi” təkcə Naxçıvanla Azərbaycanın qalan bölgələri arasında nəqliyyat imkanlarının açılması demək deyil, bütövlükdə Xəzər və Aralıq dənizi hövzələrinin, daha geniş mənada isə Cənub-Şərqi və Mərkəzi Asiya ilə Avropanın əlaqələndirilməsidir”.

Oxu.Az-ın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı danışıb.

O bildirib ki, Vətən müharibəsində Qələbəsi ilə geo-strateji və geo-iqtisadi əhəmiyyətini daha da artıran Azərbaycan Şərq-Qərb xəttinin üzərində Bakı-Tbilisi-Qars və Zəngəzur nəqliyyat damarları ilə şaxələnməni həyata keçirir və böyük Avrasiya coğrafiyasının “çeşidləmə mərkəzi”nə çevrilir:

“Süveyş kanalında hadisə Çin və Avropa arasında quru nəqliyyatının əhəmiyyətini artırıb. Hazırda Çindən Avropaya gedən nəqliyyat vasitələrinin sayı artdıqca, əks istiqamətdə də nəqliyyat vasitələrinin işləməsinə ehtiyac yaranır ki, xərclər aşağı düşsün. Üstəlik, “Zəngəzur dəhlizi”nə marağı artıran daha bir amil, Avrasiyada şimal quru yolu üzrə Polşa-Belarus sərhədində yaranan texniki və idarəetmə məhdudiyyətləri ilə bağlıdır. Azərbaycanın irəli sürdüyü “Zəngəzur dəhlizi” bu baxımdan Şərq-Qərb üzrə gündəlik milyardlarla dollar daşıma həyata keçirən kommersiya qurumlarına və onların maraqlarını müdafiə edən başda Çin və Avropa olmaqla dövlətlərə sərfəlidir. İllik ticarət dövriyyəsi 2019-cu ildə 560 milyard avroya çatan Avropa İttifaqı və Çin “Zəngəzur dəhlizi” kimi alternativ marşrutlarda maraqlıdır. Eyni zamanda ticarət dövriyyəsi 6 milyard dollara çatan Türkiyə və Mərkəzi Asiya, həmçinin 21 milyard dollarlıq ticarət dövriyyəsinə sahib olan Çin və Türkiyənin perspektiv iqtisadi əlaqələri üçün “Zəngəzur dəhlizi” əhəmiyyətlidir. Hətta “Zəngəzur dəhlizi” Türkiyə-Rusiya iqtisadi əlaqələrinin də güclənməsinə imkanlar aça bilər”.

Vüsal Qasımlının fikrincə, Kamçatkadan Malay yarımadasına qədər “birinci ada zənciri” ilə üzləşən, eyni zamanda coğrafiyasının qərb dərinliklərində daxili regionlarını inkişaf etdirmək istəyən Çin Orta dəhlizin üzərində yerləşən və diversifikasiya imkanı yaradan Zəngəzur marşrutunu dəstəkləyir:

“Çin lideri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevə məktubunda deyirdi ki, ““Bir kəmər, bir yol” müştərək layihəsi üzrə ölkələrimizin əməkdaşlığı dərinləşməkdə davam edir… ikitərəfli dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi üçün Sizinlə birgə səylər göstərməyə hazıram”. Bakı dəniz limanını “yaşıl liman” olaraq qəbul edən Avropanın da “Zəngəzur dəhlizi”ndə iqtisadi maraqları var”.

Mərkəzin rəhbəri qeyd edib ki, Ermənistanın dəmiryollarına nəzarət edən Rusiyanın Cənubi Qafqaz Dəmiryolu Şirkəti də “Zəngəzur dəhlizi”ndə kommersiya baxımından maraqlıdır:

“Ermənistandan İrana 3,5 milyard ABŞ dollarına başa gələcək bahalı dəmiryol xəttinin çəkilməsində marağı olmayan rəsmi Tehran üçün də “Zəngəzur dəhlizi” yeni nəqliyyat imkanları açdığına görə iqtisadi baxımdan faydalıdır.

Ermənistanın qonşulara ərazi iddiası səbəbindən sərhədlərinin 83,2 faizi qapalıdır. Ermənistanın sanksiyalara məruz qalmış İranla 44 kilometrlik sərhədi məhdud ötürücülük imkanlarına malikdir, Gürcüstan üzərindən əsas ticarət tərəfdaşı Rusiyaya yeganə çıxış yolu sayılan “Yuxarı Lars” keçid məntəqəsinin mövsümi amillər də nəzərə alınmaqla potensialı aşağıdır. Zəngəzur yolunun açılması ilə Ermənistan dalana dirənən iqtisadiyyatı üçün müəyyən perspektivlər aça bilər. Ermənistanın “Zəngəzur dəhlizi” üzrə müqaviməti Azərbaycanın yaratdığı yeni geo-iqtisadi reallıqda mənasızdır.”