“Sabah bir leysan olacaq ki, tut ucundan, göyə çıx…”
Yəqin ki, “Bəyin oğurlanması” filmində çobanın göy üzünə baxaraq verdiyi proqnozu xatırlayırsınız. Hər dəfə yağışlı havada bu sözlər qeyri-ixtiyari beynimdə canlanır. Görəsən, belə bir şey nə dərəcədə realdır? Doğrudan da, sadəcə səmaya baxmaqla hava şəraiti barədə proqnoz vermək mümkündürmü?
Bəli, əslində şıltaq təbiət öz planları barədə bizə əvvəlcədən məlumat verir. Bizdən isə bu gözəlliyə tamaşa etməklə yanaşı, onu düzgün oxumaq tələb olunur.
Hava Yer kürəsinin ixtiyari məntəqəsi üzərində atmosferin vəziyyətidir. Hava təzyiq, temperatur, rütubət, külək, buludluluq, atmosfer yağıntıları kimi əsas meteoroloji kəmiyyətlərin qiymətləri, duman, tufan, çovğun, toz (qum) fırtınası və s. kimi xüsusi hadisələr yığımı ilə xarakterizə olunur.
Havanın gözlənilən vəziyyətinin təsvirinə meteoroloji proqnoz deyilir. Bir qayda olaraq hər bir coğrafi rayon üzərində meteoroloji elementlərin paylanma qanunauyğunluqlarını bilməklə, bir neçə sutka əvvəl hava proqnozuna dair fikir söyləmək olar.
Gəmi sürücüləri hava haqqında məlumatı necə əldə edirlər?
Gəmiyə müxtəlif informasiya cihazları ilə sutkada ən azı iki dəfə meteoroloji proqnoz daxil olur. Bu proqnozlar xüsusi kodlarla ötürülür. Eyni zamanda gəmi sürücüləri istənilən vaxtda internetlə olduqları rayon üçün xüsusi saytlardan meteoroloji xəritələri əldə edə bilərlər. Kurs üzrə hər hansı hidrometeoroloji təhlükə xəbərdarlığı olarsa, gəmi kapitanı təhlükədən sovuşmaq məqsədilə kursda düzəlişlər edir.
Hər hansı səbəbdən gəmi sürücüləri bu informasiyanı əldə edə bilməsələr, necə olacaq?
Gəmi mütəhərrik bir mühitdə hərəkət edir. Dəniz yolları quru yolları kimi sabit deyil. Buna görə də ətraf mühitdə baş verən hər hansı titrəyiş gəmiyə bu və ya digər səviyyədə təsir göstərir.
Bütün gəmilərdə mütləq barometr cihazı olur. Bu cihaz atmosferin verilən anda təzyiqini ölçmək üçün istifadə olunur. Əgər barometrin əqrəbi bir neçə saat eyni qiyməti göstərirsə, deməli, mövcud hava şəraiti hələ bir neçə saat da davam edəcək. Barometrin göstəricisi yuxarıya doğru hərəkət edirsə, bu, quru, aydın, küləksiz havanın olacağına dəlalət edir. Əksinə, barometrin göstəricisi aşağıya doğru yerini dəyişərsə, yağışlı, küləkli, soyuq hava müşahidə olunacaq.
Birdən barometr də sıradan çıxarsa, necə olacaq?
Gəmi sürücüləri yerli əlamətlərə əsasən hava proqnozu haqqında məlumat əldə etməyi bacarırlar. Məsələn, onlar bilirlər ki:
– külək getdikcə güclənirsə və sağa dönürsə (saat əqrəbi istiqamətinə), müşahidə yerində gəmiyə tsiklonun cənub yarım hissəsi yaxınlaşır.
– külək sola dönürsə, (saat əqrəbinə əks istiqamətdə) tsiklonun şimal hissəsi yaxınlaşır və cəbhə kənardan keçəcək. Bu halda tsiklonun mərkəzi yaxından keçirsə, kəsilməz yağışlar müşahidə ediləcək. Uzaqdan keçirsə, ancaq buludluluğun artması baş verəcək və yağıntı olmayacaq.
– külək istiqamətini dəyişmədən güclənirsə, onda müşahidə yerinə (gəmiyə) tsiklonun mərkəzi yaxınlaşır.
– təzyiqin kəskin düşməsi tsiklon ətəyinin yaxınlaşmasını göstərir.
– axşam və ya səhər müşahidə edilən tünd qırmızı dan yeri əksər hallarda tufanın əlamətidir.
– külək axşama doğru güclənərsə, pis hava gözlənilir
– temperaturun axşam və gecə vaxtı artması, havanın yaxın 6-8 saat müddətində pisləşməsi əlamətidir.
– səhər və gündüz vaxtı səmada lələkli-topalı buludlar və axşama yaxın laylı-topalı buludlar müşahidə edilərsə, onda gecə güclü külək və şimşək gözlənilir.
– topalı buludların ölçüləri qısa müddətdə çox böyüyərsə, (böyük dağ şəkli alarsa) 4-8 saatdan sonra güclü yağıntılı və fırtınalı küləyin olması gözlənilir.
– səhərlər və ya günortaya qədər müşahidə edilən göy qurşağı güclü küləyin, şimşəklə müşahidə edilən göy qurşağı isə güclü yağışın əlamətidir.
– dənizdə şəlakət (ştil) şəraitində səthdə qısa dalğalar yaranmağa başlayırsa, yaxın vaxtda küləyin artması gözlənilir.
– dənizlərdə isti və soyuq axınların qarşılaşdıqları ərazilərdə həmişə dumanların yaranmasını gözləmək olar.
– davam edən pis hava şəraitində günəşin və ya ayın ətrafında tac-halə (halo) müşahidə edirsinizsə, deməli, yaxın saatlarda hava yaxşılaşacaq.
– buludlar dəniz səthində külək istiqamətinə nisbətən şimal yarımkürəsində sağa, cənub yarımkürəsində sola meyl edirsə, onda sakit hava gözlənilir.
– tutqun hava şəraitində günün axırında səmada qərb istiqamətində aydın mavi hava zolağı yaranarsa, bu, yağıntıların kəsilməsi, küləyin zəifləməsi və havanın yaxşılaşması əlamətidir.
– günortadan sonra və ya axşama doğru göy qurşağının mövcudluğu yağışın kəsməsi və aydın havanın yaranması əlamətidir.
– axşam yaranan göy qurşağında yaşıl rəngin daha qabarıq seçilməsi quru, aydın və zəif küləkli havanın yaranması əlamətidir.
– günəş və ayın çıxması, həmçinin batması zamanı üfüqdə günəş dairəsinin (diskinin) deformasiyaya uğraması sakit, aydın və yağıntısız havanın əlamətidir.
Təbii ki, bu yerli əlamətlərin cüzi hissəsidir. Hər hansı səbəbdən gəmi sürücüsü bu əlamətləri oxuya bilmirsə, onda quşların hərəkətinə diqqət yetirsin:
– quşların kütləvi surətdə dənizdən sahilə doğru uçması, tufanın yaxın zamanda başlaması əlamətidir.
Hələ yelkənli gəmilər dövründə gəmi sürücüləri pişikləri müşahidə etməklə havanın dəyişməsi haqqında məlumatları əldə edirdilər:
– pişik əlini qulağının ətrafında gəzdirirsə, bu, yağış yağacağına işarədir.
– pişik əli ilə burnunu sürtürsə, bu, güclü küləyin əlamətidir.
– pişik yuxuda tez-tez dönürsə, bu, dəyişkən havanın əlamətidir.
– pişik arxası istiyə (sobaya, oda) tərəf oturursa, bu, tufanın əlamətidir.
– pişiyin göz bəbəyinin yumulması təzyiqin azalması, genişlənməsi isə yüksəlməsi əlamətidir.
– pişik yatanda başını dik tutursa, bu havanın temperaturunun 250C və çox olması əlamətidir.
– pişik əllərini qabağa uzadaraq başını əlləri üstə qoyubsa, havanın temperaturu 22 – 240C, əllərini altına yığıbsa, 18 – 210C, burnunu quyruğu ilə örtürsə, 16 – 170C, burularaq (fırlanaraq) qalın tüklərinin içərisinə yığılıbsa, temperaturun 160C-dən aşağı olması əlamətidir.
Bu xüsusiyyətlərinə görə hətta el arasında pişiyə “canlı” termometr də deyilir.
Samirə Gözəlova
ADDA-nın “Dəniz naviqasiyası” kafedrasının baş müəllimi
seanews.az