Azərbaycanın ilk vitse-admiralı

63

İbrahim bəy Allahverdi bəy oğlu Aslanbəyov 1822-ci ildə sentyabrın 10-da Bakıda anadan olmuşdur. 3 il Peterburqdakı dənizçilik məktəbində təhsil alan İbrahim bəy 1837-ci ildə oranı adı “Qırmızı lövhə”yə yazılmaqla bitirmişdir.


Onun tərcümeyi halı həm admiral, həm də hərbi dəniz tarixçisi kimi çox zəngindir. Əgər onun həyatını digər hərbçilərin ömür yolu ilə müqayisə etməli olsaq, ancaq general Əliağa Şıxlinskinin artilleriya tarixindəki xidmətləri ona bərabər ola bilər. Çünki həmin dövrdə azərbaycanlı generallardan hərb elmi ilə məşğul olan ancaq Əliağa Şıxlinski idi. Fərq bircə ondan ibarətdir ki, Əliağa Şıxlinskinin elmi və hərbi fəaliyyəti Azərbaycanla daha çox bağlı olmuşdur. Admiral Aslanbəyovun elmi tədqiqatları isə rus hərb elmində geniş istifadə olunsa da, bu günə qədər bizə gəlib çatmamışdır.


İ.Aslanbəyov 1869–72-ci illərdə dəfələrlə müxtəlif ümumi dövlət əhəmiyyətli məsələləri öyrənmək üçün toplanmış komitələrə sədr təyin edilmişdir. Estoniyaya ezam olunan İbrahim bəy gəmiçilik məktəblərinin yaradılması və ticarət gəmilərinin düzəldilməsi üçün yaranan komitənin üzvü seçilmişdir.


Aslanbəyov 1860–1861-ci illərdə “Sokol” pərli korvet gəmisinin komandiri, 1865-ci ildə “Retvizan” gəmisinə komandir təyin edilmişdir. Bir müddət məşhur vitse admiral Butakovun zirehli eskadrilyasında qərargah rəisi də olmuşdur.


1887-ci il sentyabrın 22-də hərbi dəniz donanmasındakı misilsiz xidmətlərinə görə ona vitse-admiral rütbəsi verilir. Bu ali rütbədən sonra Aslanbəyov Baltik donanması üzrə flaqman vəzifəsinə təyin olunur.
1872-ci ildə I Pyotrun anadan olmasının 200 illiyi Rusiyada böyük bayram şənliyi kimi qeyd olunurdu. Bu münasibətlə ümumrusiya texniki sərgisində iştirak etmək və imperatorun kiçik avarlı gəmi dəstəsinə Moskvaya kimi rəhbərlik işi həm?yerlimiz Aslanbəyova etibar olunmuşdu.


İ.Aslanbəyov okeanda sürətlə hərəkət edən kreyserlərin və “uçan eskadrilya” nın orduda tətbiq edilməsinin təşəbbüskarıdır.


Onun şəxsi işində saxlanan rəy və xatirələrdən, xüsusilə 1917-ci ildən əvvəlki dənizçiliyə aid ədəbiyyatdan məlum olur ki, Aslanbəyov öz heyəti və ümumiyyətlə, tabeliyində olanların arasında böyük hörmət qazanmışdır. İllərin soldurduğu sənəddə ad-soyadını oxuya bilmədiyimiz bir kontradmiral yazır ki, Aslanbəyov xarici ölkələrdə də yaxşı tanınırdı. O, gəmi heyətində ruh yüksəkliyi yaratmağı məharətlə bacarırdı. Hətta kiçik- rütbəlilərin də şəxsi təşəbbüsünü qiymətləndirirdi. Açıq ürəkliliyi və qətiyyəti ilə çoxlarından fərqlənirdi. Aslanbəyovun gəmi səfərləri haqqında çoxlu lətifə, eləcə də özünün danışdığı məzəli Şərq əhvalatları hələ də məşhurdur. Bu onun məşhur şəxsiyyət kimi nə qədər sevildiyini bir daha göstərir.


İbrahim bəy böyük şərqşünas alim Mirzə Kazım bəylə dost olmuş, dahi rus yazıçısı Lev Tolstoy admiral Naximovun həlakolma səhnəsini ondan öyrənmişdir. Lev Tolstoy məşhur “Sevastopol hekayələri”ni yazarkən admiral Aslanbəyovun xatirələrindən bəhrələnmişdir.


Admiralın xidmətləri Serbiyanın “Takova”, Rusiyanın “Müqəddəs Vladimir”, I dərəcəli “Müqəddəs Stanislav”, I dərəcəli “Müqəddəs Anna”, “Ağ qartal”, Yaponiyanın “Günəşin doğuşu”, Havay dövlətinin II dərəcəli “Kalakiya” ordenlərinə layiq görülmüşdür.


Hələ sağlığında – 1882-ci ildə Saxalində bir yarımada, Oxot dənizində isə bir körfəz Aslanbəyovun adı ilə adlandırılmışdır.


Aslanbəyov 1901-ci il dekabrın 7-də Peterburqda vəfat edib.