Qrenada Sualtı Heykəl Parkı

47

Sualtı Heykəl Parkı, Karib dənizinin dibində, Qrenada sahillərində yerləşən misilsiz bir muzeydir. İngilis heykəltəraşı və ətraf mühit mühafizəçisi Ceyson Teylor tərəfindən yaradılan ilk eksponatlar 2006-cı ildə dənizin dibinə yerləşdirilmişdir.

Qeyri-adi sualtı abidələr kolleksiyası hər il yenilənir. İndi suyun altında müxtəlif formalar almış insan fiqurları da daxil olmaqla 65 eksponat görmək mümkündür. Qumlu Karib dənizinin dibində velosiped sürən velosipedçi; televizora baxan kök adam; dəniz ifritəsinə bənzəyən papaqlı qız; yazı maşınının arxasında oturan jurnalist və hətta əllərini göyə qaldıran İsanı da görmək mümkündür.

Heykəllər 800 kvadrat metrlik bir ərazidə, bir-birindən qısa məsafədə, təxminən üç metr dərinlikdə yerləşdirilmişdir.

Ceyson Teylorun layihəsi, mədəni özəlliyinə əlavə olaraq, yerli dəniz mühitinin tarazlığı və vəhşi təbiət ekosisteminin bərpası üçün vacibdir. Əslində, heykəllər dəniz biokütləsinin, əsasəndə molyuskların böyüməsini təşviq edən süni mərcan rolunu oynayır. Heykəllər, müəllifin dediyinə görə mərcan yetişdirmək üçün xüsusi betondan, paslanmayan polad və kauçukdan hazırlanıblar.

2004-cü ildə Qrenadada baş verən qasırğanın mənfi nəticələri ilə yanaşı, sualtı həyata mənfi təsir edən dalğıc və aktiv su idmanı ilə məşğul olan turistlərin sayının kəskin artmasının nəticəsi olaraq bu tədbir bölgə üçün lazımlı idi.