“Şimal-Cənub” dəhlizi qeyri-neft gəlirlərimizin artmasına imkan verəcək

59

“Rusiyadan Hindistana qədər uzanan “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi region üzrə beynəlxalq yükdaşımaların həcminə xüsusi təsir göstərəcək. Azərbaycan həm investisiya, həm infrastruktur baxımından layihənin reallaşmasına dəstək verib”.

“Report”un məlumatına görə, bunu millət vəkili Vüqar Bayramov “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə bağlı məsələyə münasibət bildirərkən qeyd edib.

Onun sözlərinə görə, layihənin həyata keçməsi Azərbaycan üçün beynəlxalq yükdaşımaların həcminin artırılması baxımından da vacibdir: “Beynəlxalq daşımalar ölkəmizin qeyri-neft sektorunun əsas istiqamətlərindən biridir. Güman edilir ki, “Şimal-Cənub” Nəqliyyat Dəhlizinin reallaşması beynəlxalq yükdaşımanın həcminin artmasına və qeyri-neft gəlirlərimizin artmasına imkan verəcək”.

Millət vəkili deyir ki, eyni zamanda, layihə Azərbaycanın strateji mövqeyinin güclənməsi baxımından da əhəmiyyətlidir: “Xüsusən də, Zəngəzur dəhlizinin istifadə veriləcəyi kontekstindən bölgəni əhatə edən beynəlxalq nəqliyyat layihələrinin əhəmiyyəti yüksəlməkdədir”.

V. Bayramov bildirib ki, Süveyş kanalında baş verən son qəzadan sonra isə Şimal-Cənub dəhlizinin əhəmiyyəti daha da yüksəlib: “Belə ki, nəinki region ölkələri, həmçinin inkişaf etmiş dövlətlər layihəyə regionda əsas alternativ nəqliyyat dəhlizi kimi yanaşırlar. Bu isə dəhlizin iqtisadi səmərəliliyini artırmaqla yanaşı, strateji əhəmiyyətini də yüksəldib”.

Xatırladaq ki, dünən Finlandiyanın Helsinki şəhərindən Hindistanın Nava Şeva limanına ilk konteyner blok qatarı yola salınılıb. Dəhliz ilə ilk konteyner qatarı Rusiya, Azərbaycan və İran ərazisindən keçməklə Hindistana çatdırılacaq.

Qeyd edək ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi 2000-ci il 12 sentyabr tarixində Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında “Şimal-Cənub” nəqliyyat dəhlizinin təməli qoyulub. Azərbaycan bu Sazişə 2005-ci ildə qoşulub. Ümumilikdə 13 ölkə sözügedən Sazişi ratifikasiya edib (Azərbaycan, Belarus, Bolqarıstan, Ermənistan, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Oman Sultanlığı, Rusiya, Tacikistan, Türkiyə, Ukrayna).

Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır (hazırkı marşrut üzrə çatdırılma vaxtı həftədən artıqdır, “Şimal-Cənub” vasitəsilə 3 həftə olması gözlənilir).

Şimali və Qərbi Avropa – Rusiya Federasiyası, daha sonra üç istiqamətdə nəzərdə tutulur: Bunlar Qafqaz – Fars körfəzi (Qərb marşrutu), Mərkəzi Asiya – Fars körfəzi (Şərq marşrutu) və Xəzər dənizi – İran İslam Respublikası – Fars körfəzidir (Mərkəzi marşrut).

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 2015-ci il tarixli Sərəncamının icrası olaraq, aşağıdakı tədbirlər görülüb. Astara (AR) – Astara (İİR) dəmir yolu xəttinin Astaraçay üzərindəki körpüyə qədər 8,3 km yeni yol tikilib, Astaraçay üzərində dəmiryol körpüsü inşa olunub, həmçinin Astaraçay üzərində dəmiryol körpüsündən İran İslam Respublikası ərazisində tikilmiş yük terminalına qədər 1,4 km yol çəkilib.

Azərbaycan tərəfi Astarada (İran) 35 hektar ərazidə dəmir yolu stansiyasının tikintisi və yüklərin boşaldılması üçün terminalların inşasını davam edir.

Dəhliz çərçivəsində bütün infrastruktur layihələri tamamlandıqdan sonra İran ərazisindən keçməklə Bakıdan Naxçıvan Muxtar Respublikasına dəmir yolu ilə birbaşa daşımaların təşkili mümkün olacaq.

Dəhlizlə ilkin olaraq il ərzində 5 mln ton yükün daşınması, gələcəkdə isə 10 mln tona qədər artırılması planlaşdırılır. İran tərəfdən əsasən neft və neft məhsulları, mineral gübrələr, sement, kimyəvi məhsullar və s., İran istiqamətində isə taxıl məhsulları və meşə materialları daşınır.