Türkiyə ilə Yunanıstan arasında 1988-ci ildə imzalanan “Afina anlaşma memorandumu” çərçivəsində turizm sezonunu əhatə edən 15 iyun -15 sentyabr tarixləri arasında Egey dənizinin beynəlxalq sularında təlimlərin keçirilməməsi və ya bu ərazinin hərbi təlim sahəsi elan edilməməsi ilə bağlı razılıq əldə olunub.
AZƏRTAC TRT-yə istinadən xəbər verir ki, razılaşmaya zidd olaraq Yunanıstan tərəfinin həmin dövrü əhatə edən tarixlərdə bu ərazilərdə təlimlər keçirməsi ilə bağlı qərarı Türkiyənin etirazına səbəb olub. Buna cavab olaraq Türkiyə tərəfi qarşılıqlı “Navtex” (dənizçilər üçün elan) elan edərək iyunun 22-də Egey dənizinin beynəlxalq sularında təlimlər keçirilməsi üçün xüsusi sahələr müəyyən edib.