Urmiya gölündə suyun səviyyəsi sürətlə aşağı düşür

48

İranın Şərqi Azərbaycan vilayətində yerləşən Urmiya gölündə suyun miqdarı son bir ildə yaşanan quraqlıq səbəbindən 1 milyard 900 milyon kubmetr azalıb.

Trend-in məlumatına görə, bunu İranın İRNA agentliyinə açıqlamasında Şərqi Azərbaycan Regional Su Şirkətinin icraçı direktoru və Urmiya Gölü Reabilitasiya Mərkəzinin üzvü Yusif Qaffarzadə deyib:

“Hazırda göldəki su miqdarı 4 milyard 380 milyon kubmetrdir. Ötən ilin müvafiq dövründə isə bu rəqəm 6 milyard 280 milyon kubmetr idi. Gölün sahəsinə gəlincə, keçən il 3 min 624 kv. kilometr idisə, bu il 3 min 450 kv. kilometrə qədər azalıb. Su miqdarı quraqlıq və buxarlanma səbəbindən aşağı düşür”.

Qeyd edək ki, “duz gölü” də adlandırılan Urmiya gölündə suyun səviyyəsi 2003-cü ildən etibarən azalmağa başlayıb. 2013-cü ildə isə göl tamamilə qurumaq təhlükəsi ilə qarşı-qarşıya qalmışdı.