İran tarixində ilk: Güney azərbaycanlı qadın dənizçi kimi fəaliyyətə başlayıb

100

Güney Azərbaycanın Zəngan şəhərindən olan 22 yaşlı Məhkiya Sadiqi İran tarixində il dəfə olaraq dənizçi zabit kimi fəaliyyətə başlayıb.

O, Xəzər dənizində təlim dövrünü başa vuraraq 35 günlük beynəlxalq işgüzar səfər keçirib və Qazaxıstanın Aktau limanına iki dəfə səfər edib.

“Təlim kurslarında yeganə qadın mən olduğum üçün mənə təəccüblə baxır, “ora mənim yerim deyil” düşüncəsini təlqin edirdilər. Bu isə mənim daha əzmkar olmağıma, kişilərlə heç bir fərqimin olmadığını sübut etməyimə səbəb olurdu”-Xanım M.Sadiqi “Fars” xəbər agentliyinə verdiyi müsahibədə belə deyib.

Məhkiya Sadiqi qadın dənizçilərin az olduğunu deyib. “Onlar 3 min tondan aşağı tutumu olan gəmilərdə çalışırlar və onların idarəçiliyinə gəmi verilmir”-güneyli xanım bildirib.

Məhkiya Sadiqi bu sahədə gördüyü problemlərdən danışıb: “Başqa ölkələrdə də İran pasportu ilə bu sahədə fəaliyyət imkanımız yoxdur. Bu səbəbdən bizim üçün yalnız bir yol qalır. O da başqa bir ölkənin vətəndaşlığını almaq və başqa bir ölkədə okeanlarda üzən gəmilərdə zabit kurslarını keçməkdir”.

Limanlar və Dənizçilik Təşkilatının Dəniz Administrasiyasının məlumatına görə, gəmilərdə balıqçı, ümumi dənizçi və göyərtə dənizçisi kimi 347 qadın işləyir. Bunlardan çox az sayda qadın da zabit kimi çalışır.

Ancaq dənizçilik sahəsində bir qadının zabit kimi fəaliyyət göstərməsi İranda hakim olan ənənənin pozulması kimi qəbul olunduğu üçün Məhkiya Sadiqinin bu sahədə bacarığı xüsusi əhəmiyyət daşıyır.

gunaz.tv