Xəzər dənizində yerləşən “Dostluq” neft-qaz yatağı üzrə Azərbaycan və Türkmənistan arasındakı son irəliləyiş trans-sərhəd ortaqlığın kapital yükünün paylaşdırılması və əməkdaşlığın inkişafı üçün necə zəmin yarada biləcəyini göstərir.
Bu barədə “APA-Economics” yanacaq-enerji kompleksi sahəsində geniş çeşidli xidmətlər göstərən “Wood Mackenzie” beynəlxalq konsaltinq şirkətinə istinadən xəbər verir.
Bununla yanaşı, qeyd edilir ki, Xəzərin ən böyük layihələrindəki texniki və maliyyə yükünü nəzərə alaraq regional milli neft şirkətləri hələ üzərilərinə böyük əməliyyat məsuliyyəti götürə bilmirlər.
Məlumatda vurğulanır ki, qaz ixrac həcmlərinin artması və kəşfiyyatın daha çox qaz yataqların aşkarlanması istiqamətinə aparılmasına baxmayaraq, regionda kəşfiyyat və hasilat iqtisadiyyatı daha çox maye karbohidrogenlər istiqamətinə yönəlmiş olaraq qalır.
Xatırladaq ki, “Dostluq” yatağı eyni zamanda Azərbaycan tərəfindən “Kəpəz”, Türkmənistan tərəfindən isə “Sərdar” adlandırılır. Bu, ilk dəfə olaraq hələ sovet dövründə Azərbaycan neftçiləri tərəfindən kəşf edilən yataqdır. Bu istiqamətdə 1989-cu ildə ilk kəşfiyyat quyusu qazılıb. Ancaq sözügedən yataq hər iki dövlətin dəniz sərhədinin tam ortasında yerləşdiyinə görə uzun illər istismarı mümkün olmayıb. Lakin 2021-ci il 21 yanvar tarixində Türkmənistanın paytaxtı Aşqabad şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” imzalanıb.