Okeanlara avropalılardan çox-çox əvvəllər bələd olan səyyahlar

279

 Həm səyahət, həm ticarət…

Hind okeanı hövzəsində Avropa gəmiləri ilk dəfə nə vaxt görünüb? XV  əsrin sonlarında.  Başqa sözlə, Portuqaliya dənizçisi Vasko da Qama Hindistana dəniz yolunu kəşf edəndən (1498-ci il) sonra.

IX  əsrdə  yaşayan məşhur  ərəb dənizçi‐səyyahı Süleymanın səyahətləri  isə şərq tacirlərinin, o cümlədən ərəblərin Hind okeanı və Sakit okean hövzələrinə, hər iki okeanı birləşdirən su yollarına daha qədim zamanlardan yaxşı bələd olduqlarını sübut edir.

Haqqında çox az məlumat olsa da, bəllidir ki, tacir Süleyman ticarət məqsədilə dəfələrlə Bəsrə  yaxınlığındakı Siraf şəhərindən dəniz yolu ilə  Hindistana və Çinə gedib qayıtmışdı. O, gəmi ilə Sirafdan çıxıb  İran körfəzi vasitəsilə  Ərəbistan sahilində  yerləşən məşhur ticarət mərkəzi Məsqətə getmiş, oradan da Hind okeanına keçib Hindistanın Malabar sahilində olan Qulam şəhərinə  çatmışdı. Bundan sonra isə  tacir Süleyman Seylonun  şimalındakı Polk boğazından keçib Nikobar adalarından birində  – Lancəbəlusda bir qədər dincəldikdən sonra Kalabara çatmış, buradan Malakkanın cənub‐şərqində  yerləşən Tiyuman adasına yollanmış, oradan da müqəddəs Yakov burnu, Xaynan adası ilə Xanfuya və ya Kantona çatmışdı. 

Ərəb səyyahlarının, o cümlədən Süleyman tacirin, Məsqətdən Çinə  səfəri dörd aydan çox çəkirmiş.

İbn Vahbın səyahəti də  şərq səyyahlarının dünyanın iki böyük okeanına – Hind okeanına və  Sakit okeana, bu okeanların hövzələrində  yerləşən yaşayış  məntəqələrinə  yaxından bələd olduqlarını sübut edir. 

Söhbət IX əsrdə yaşayan, Qureyşilər nəslinin varlı nümayəndəsi, tacir, səyyah İbn Vahbdan gedir. Təqribən 870‐ci ildə  üsyana qalxmış  zəncilər tərəfindən Bəsrə  ələ  keçirildikdə  Sirafdan Çinə  səyahət etmişdi. Tacir Süleymanın keçdiyi yolla, yəni Siraf-Məsqət‐Hindistanın Qulam  şəhəri‐Polk boğazı‐Lancəbəlus adası‐Kalabar‐Tiyuman adası‐Xaynan xətti ilə hərəkət edən  İbn Vahb Çinin o zamankı paytaxtı Xumdan və  ya Sinanfu  şəhərinə  çatmış, onun təsvirini vermişdi.  İbn Vahbın səyahətindən az sonra – 878‐ci ildə Kantonda ərəblərə və iranlılara məxsus olan ticarət məhəlləsi çinlilər tərəfindən dağıdılmışdı. 

seanews.az