Övladlarını yelkənli idman növünə yazdırmaq üçün valideynlərə 10 tövsiyə

46

Sirr deyil ki, nə yelkənli idman növü futbol qədər, nə də peşəkar yelkənçilər futbolçular qədər məşhurdurlar. Amma biz sizə övladınızı yelkənli idmana yazdırmağınızın vacibliyini 10 məqamla izah etməyə çalışacağıq.

1. Yelkənli idman (bütün idman növləri kimi) uşaqları küçədən, tüfeyli həyatdan uzaqlaşdırır və onları sağlam həyat tərzinə yönəldir.

2. Yelkənçilik ilk növbədə intizamdır. Onun ekstremal idman növü olduğunu hər kəs bilir. Yelkənli qayığı idarə etməzdən öncə uşaqlar təhlükəsizlik qaydalarını, suda davranış qanunlarını öyrənirlər. Bu qaydalar harada olursa olsun, insana ömür boyu kömək edir.

3. Suda olan zaman hər bir yelkənçinin əsas şüarı – təhlükədə olan insana kömək etməkdir. İstər yarış, istərsə də məşq zamanı bu şüar yelkənçilər üçün dəyişməz qalır. Bu qayda yelkənçiyə ilk gündən öyrədilir və ömürlük yaddaşına həkk edilir.

4. Yelkənçi özünü çox rahatlıqla ifadə edə bilir, bacarığını istənilən formada nümayiş etdirməkdə çətinlik çəkmir. Vindsörfer, katamaran, adi qayıq və s. üzən vasitələri rahat idarəetmək bacarığı yelkənçini bir çoxlarından fərqləndirir.

5. Yelkənli idman növü insanı həm də intellektual baxımdan inkişaf etdirir. Belə ki, idmançı yarış vaxtı istənilən vəziyyətdən çıxmaq üçün strateji düşünmək qabiliyyətinə malik olmalı və taktika qurmağı bacarmalıdır. Bu bacarıqlar yelkənçidə tez bir zamanda formalaşır.

6. Yelkənçilik insanların dünyagörüşünü inkişaf etdrir. Bu idmanla məşğul olanlarda tədricən havanın necə olacağı, küləyin istiqaməti və s. təbiət hadisələri haqqında öncədən mülahizə yürütmək bacarığı formalaşır. Bundan əlavə, artıq məktəbin ilk siniflərindən həndəsə və fizika kifayət qədər yaxşı mənimsənilir. Dənizdə olarkən qayığın istiqamətini hansı səmtə və neçə dərəcə çevirmək üçün bu biliklər mütləqdir.

7. Yelkənçilik həm də texniki sahədir. Yelkənçilər qayıqlarını dənizə çıxarmaq üçün onları özləri qurub hazırlayırlar. Dənizdən qayıdandan sonra isə həmin qaydada sökürlər. Gələcəkdə bu bacarıq yelkənçiyə şəxsi avtomobilini də təmir etməyi öyrədəcək.

8. “Ağ yelkən həmişə təmiz qalmalıdır!” – Bu şüar yelkənçilərin dilindən əskik olmur. Məşqdən və ya yarışdan sonra qayığı təmizləmək və yumaq mütləqdir. Bu, qayıqların uzunömürlü olması üçün vacibdir. Elə bu məqam da yelkənçiləri erkən vaxtlardan təmizkarlığa və səliqəyə öyrədir.

9. Dəniz, yelkən, gəmi – bu üç söz birləşməsi həmişə romantik anlama gətirib çıxarır. Bütün romantik janrda olan mahnılarda, şeirlərdə və romanlarda bu üç elementin ən azı birinin adı çəkilir. Əgər diqqətlə nəzər yetirsək görərik ki, bir çox dənizçilər və yelkənçilər paralel olaraq həm də yaradıcı olurlar. Dənizçilik insanda yaradıcılığa olan bacarığı da ortaya çıxarır.

10. Yelkənli idman elitar idman növü sayılır. Bu idmanla hələ qədim zamanlarda şahzadələr, çarlar, zadəganlar… məşğul olublar. Müasir dövrümüzdə dünyanın bir sıra ölkələrində keçirilən reqatalara da yüksək çinli şəxslər qatılırlar. Bir sözlə, bu idman növü, məntiqli, ağıllı, məsuliyyətli insanların seçimidir.

seanews.az