SOCAR AQŞ Türkiyədə “Tuz Gölü” bölgəsində yeraltı qaz anbarının genişləndirilməsi layihəsini bu ilin sonuna planlaşdırır

44

SOCAR AQŞ Türkiyədə “Tuz Gölü” bölgəsində yeraltı qaz anbarının genişləndirilməsi layihəsini bu ilin sonuna planlaşdırır.

Bu barədə Trend-ə SOCAR AQŞ-dan bildiriblər.

“Hazırda SOCAR AQŞ Türkiyənin Aksaray vilayətinin “Tuz Gölü” bölgəsində yeraltı qaz anbarının genişləndirilməsi layihəsini həyata keçirir. Layihə çərçivəsində 40 quyunun qazılması nəzərdə tutulub və yeraltı qaz anbarının genişləndirilməsi layihəsi bu ilin sonuna planlaşdırılır.”

SOCAR AQŞ, 2007-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), Nobel Oil Services (UK) Limited və Absheron Qazma LLC (AQS) tərəfindən inteqrə edilmiş qazma və quyu xidmətlərini göstərən birgə müəssisə olaraq təsis edilmişdir.

Enerji sənayesində ixtisaslaşmış çoxşaxəli şirkətlər qrupu olan Nobel Oil Services (UK) Limited SOCAR AQŞ-nin əsas səhmdarıdır.

Təsisçilərdən biri olan SOCAR, SOCAR AQŞ-yə 160 ildən çox sənayə üsulu ilə neft və qaz quyularının qazılması sahəsində təcrübə qazandırarkən, digər tərəfdaş olan AQŞ birgə müəssisəyə qabaqcıl qazma texnologiyalarını və yeni idarəetmə metodlarını gətirir.

SOCAR AQŞ, 2009-cu ildən bəri IADC-nin (Qazma Podratçılarının Beynəlxalq Assosiasiyası) üzvüdür.

Davamlı beynəlxalq inkişaf hədəfləri çərçivəsində və maliyə səmərəliliyini qoruyaraq, quruda və dənizdə kompleks qazma layihələri həyata keçirmək imkanlarını genişləndirərək SOCAR AQŞ, KCA Deutag ilə birlikdə 2018-ci ildə Turan Drilling & Engineering müştərək müəssisəsini (BM) qurub.