Ələt azad iqtisadi zonası Azərbaycan biznesinin dünya biznesi ilə əməkdaşlığının məkanına çevriləcək

63

Ələt azad iqtisadi zonasının yaradılması qeyri-neft sektorunun və birgə istehsalın inkişafını stimullaşdıracaq, zonanın özü isə Azərbaycan biznesinin dünya biznesi ilə əməkdaşlığının məkanına çevriləcək.

Bunu Trend-ə “Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə deyib.

Onun sözlərinə görə, Ələt azad iqtisadi zonası funksionallıq baxımından unikaldır:

“Xüsusi vergi rejimi, nəqliyyat infrastrukturu, zonanın təsərrüfat subyektlərinin iqtisadi fəaliyyəti üçün əlçatanlığı bu azad iqtisadi zonanı təkcə investisiyalar üçün deyil, həm də biznesin aparılması üçün cəlbedici edir. Bundan başqa, qeyd etmək lazımdır ki, Ələt Şərqdən Qərbə və əks istiqamətdə yük axını üçün iqtisadi darvazaya çevriləcək. Bu baxımdan Xəzər dənizi çərçivəsində azad iqtisadi zonalar şəbəkəsi formalaşır. Xəzər dənizinin sahilində bu cür iqtisadi zonalar Qazaxıstanda da, Həştərxanda da, İranda da var”.

Azad iqtisadi zonanın logistika və nəqliyyat baxımından üstünlüklərindən danışan ekspert bildirib ki, Ələt limanı zonanın əsas aparıcı qüvvəsi olacaq:

“Burada iri ticarət limanı, dəmiryol terminalı, qatarların boşaltma-yükləmə məntəqələri var və bunlar təkcə Şərq-Qərb xətti ilə deyil, həm də Şimal-Cənub istiqaməti üzrə yük axınına xidmət edəcək. Məhz Ələt limanındakı dəmiryol əlaqəri Azərbaycanı İranla və Rusiya ilə bağlayır”.

Onun sözlərinə görə, planlara əsasən, Ələt azad iqtisadi zonasında yük hava limanı tikiləcək və müvafiq nəqliyyat və logistika infrastrukturu yaradılacaq:

“Bunlardan başqa, ön plana burada tətbiq olunacaq informasiya texnologiyalarının istifadəsi çıxır. Bu layihələrin icrası bu azad iqtisadi zonanın cəlbediciliyini artıracaq və buranın iqtisadi yeniliklər poliqonuna çevrilməsi üçün imkanlar yaradacaq”.