“Qarabağ” gəmi-bərəsi təmirdən sonra istismara qaytarılıb

356

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Qarabağ” gəmi-bərəsinin əsaslı təmiri yekunlaşıb.

“Report” xəbər verir ki, bu barədə səhmdar cəmiyyəti məlumat yayıb.

Məlumata görə, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda başlayan təmir işləri planlaşdırılmış şəkildə aparılıb. Belə ki, gəmi-bərənin baş və köməkçi mühərrikləri, mexanizmləri təmir olunub. Gəmi üzrə gövdə-qaynaq, boru-quraşdırma, elektrik və avtomatika işləri yerinə yetirilib.

Gəminin sualtı və suüstü hissəsi, maşın şöbəsi, baş göyərtəsi təmizlənərək rənglənib. Bundan başqa, heyətin yaşayış otaqları yenilənib.

Dəniz-sınaq yoxlamasından uğurla çıxan gəmi-bərə yenidən istismara qaytarılıb.

“Qarabağ” gəmi-bərəsi 2008-ci ildə istismara verilib. Onun uzunluğu 154,5, eni 17,5 metr, sürəti 14 dəniz milidir. Tam yükgötürmə qabiliyyəti isə 5 985 tondur.