İlkin qiymətləndirilməyə görə, Xəzərin Azərbaycan sektorunda külək enerjisinin potensialı 150 QVt səviyyəsində qiymətləndirilir.
“APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Energetika Nazirliyinin Aparat rəhbəri Zaur Məmmədov bildirib.
“Bu, olduqca böyük bir rəqəmdir və bunun istifadə olunmasının ən səmərəli yollarından biri də hidrogen istehsalıdır”, – Z. Məmmədov qeyd edib.
Onun sözlərinə görə, hidrogenin bir neçə növü mövcuddur, lakin “yaşıl” adlandırılan hidrogen (bərpa olunan enerji mənbələrində istehsal olunan) hazırda aktual enerji növü sayılır. Azərbaycan bu istiqamətdə çox əlverişli bir mövqedədir, çünki ölkənin enerji resursları var və Azərbaycan Avropa sərhədlərinə qədər hazır infrastruktura malikdir.