Gəmi elektrik mühəndisi kimdir? – MÜSAHİBƏ

528

Budəfəki müsahibimiz Azərbaycan Dövlət Dəniz Akademiyası “Gəmi elektroavtomatikası” kafedrasının müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Elşən Sultanovdur. Elşən müəllimlə “Elektrik mühəndisliyi” ixtisası haqqında danışdıq.

– Elşən müəllim, gəmi elektrik mühəndisi kimdir və hansı biliklərə malik olmalıdır?

Öncə qeyd etmək istəyirəm ki, bugün Azərbaycan Dövlət Dəniz Akademiyasında dənizçilik ixtisasları üzrə hər bir təhsil pilləsində (bakalavriat, magistratura, doktorantura) müasir standartlara cavab verən yüksək səviyyəli tədris prosesi qurulub. Elektrik mühəndisliyi peşəsinə yiyələnmiş tələbədə tez bir zamanda qərar qəbul etmə bacarığı, ehtiyatlılıq, hər bir detala diqqətlilik, mükəmməl yaddaş kimi xüsusiyyətlərin olması vacibdir. Elektromexanika sahəsində peşəkar mütəxəssis olmaq üçün riyaziyyat, fizika, informatika və elektrotexnika fənlərini, xüsusilə ixtisas fənlərini yaxşı bilmək, dil bilgilərini inkişaf etdirmək və digər fundamental biliklərə malik olmaq tələb edilir

– Peşəkar gəmi elektrik mexaniki mütəxəssislərinin hazırlanması üçün tədris necə təşkil olunur?

 “Elektrik mühəndisliyi” ixtisası üzrə bakalavr pilləsində mütəxəssis hazırlığı ölkəmizin üzv olduğu Beynəlxalq Dəniz Təşkilatının “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” 1978-ci il tarixli (DHDNÇ əlavələr edilmiş) Beynəlxalq Konvensiyanın (A-III/6 bölməsinin) tələblərinə uyğun həyata keçirilir. Bu ixtisas üzrə təhsil alan tələbələr peşə fənləri ilə yanaşı, gəmidə növbəçəkmə və gəmi elektriki hazırlığı, gəmi avtomatlaşdırılmış elektroenergetika sistemləri, gəmi avtomatlaşdırılmış elektrik intiqalı, gəmi energetik və elektrik qurğularının avtomatik idarə sistemləri, elektrik avadanlığının diaqnostikası və gəmi elektrik avadanlığının texniki istismarını öyrənirlər. Tədris prosesi ixtisaslaşdırılmış auditoriyalarda, laboratoriyalarda, trenajorlarda və gəmidə təşkil olunur.

– Uğur qazanmaq elektrik mühəndisi hansı xüsusiyyətlərə malik olmalıdır? 

Sözügedən peşəyə yiyələnən insanlar fiziki cəhətdən sağlamlıq, məsuliyyətlilik, çətin vəziyyətlərə dözümlülük, hər zaman sayıqlıq və soyuqqanlılıq, müşahidə kimi xüsusiyyətlərə sahib olmalıdırlar. Çünki onlar ətraf mühitin və digər insanların təhlükəsizliyinə cavabdehdirlər.

–  Bu ixtisas üzrə təhsil almış tələbələr dənizçilikdən başqa digər sahələr üzrə çalışa bilərlər?

Bu ixtisası uğurla bitirən tələbələr dənizdə istismar edilən bütün tip gəmilərdə və gəmi təmiri və tikintisi ilə məşgul olan zavodlarda, Beynəlxalq Dəniz Təşkilatının üzvü olan dövlətlərin bayrağı altında üzən bütün gəmiçilik şirkətlərinin gəmilərində elektrik mexaniki vəzifələrində çalışa bilərlər. Həmçinin, hazırda elektrik mühəndisliyinə təkcə dəniz sahəsində deyil, inşaat, istehsalat və digər sahələrdə də ehtiyac duyulur.

– Tələbələrin praktik biliklərə yiyələnməsi üçün hansı imkanlar var?

Tələbələrin nəzəri və praktiki məşğələlərinin tədrisində və istehsalat təcrübələrinin keçirilməsində tədris gəmisindən istifadə olunur. 2017-ci ildən tələbələrimiz “Sabit Orucov” sərnişin gəmisində, digər müasir dünya standartlarına cavab verən gəmilərdə, Bakı Gəmiqayırma Zavodunda həm ixtisas fənlərini, həm də istehsalat təcrübəsini öyrənirlər.  Həmçinin, ASCO-nun donanması müasir gəmiləri hesabına zənginləşdikcə Akademiyanın tədris prosesi də yeni trenajorlar və laboratoriyalarla təmin edilir. Tədris prosesinin müasir avadanlıq və trenajorlarla təchizi ASCO-nun və Akademiya rəhbərliyinin daim diqqət və qayğısı nəticəsində ardıcıl şəkildə həyata keçirilir. Beynəlxalq Konvensiyanın B-1/12 bölməsinin tələblərinə cavab verən «Engine room simulator ERS 4000» trenajoru alınaraq “Gəmi energetik qurğularının istismarı mühəndisliyi” və “Elektrik mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələrimizin ixtiyarına verilmiş və hazırda tədris prosesində istifadə edilir.

– “COVİD 19” pandemiyası dövründə tədrisin təşkilində nə kimi çətinliklərlə üzləşdiniz?

Koronavirus pandemiyasının yayılması nəticəsində hər zaman arxa planda qalan onlayn/distant təhsil ön plana keçdi. Ümumi təhsil müəssisələrində ənənəvi tədris prosesinin dayandırılması səbəbindən dərslərin onlayn aparılması üçün əsasən “Microsoft Teams” və “Zoom” kimi tətbiqlərdən istifadə edildi. Təbii ki, böhran vəziyyətindən çıxmaq üçün tətbiq edilən bütün layihələr nə qədər təqdirəlayiq olsa da, bəzən bir sıra çatışmazlıqları ilə bu cür hallara tam hazır olmadığımızı göstərdi. Məsələn, onlayn tədris üçün tələbələr tərəfindən telefon və kompüterlərə, eləcə də keyfiyyətli internetə ehtiyac duyulur. Bu, şəhər və rayon mərkəzlərində nə qədər əlçatan olsa da, kəndlərdə yaşayan tələbələrimiz üçün müəyyən problemlər yaradır. Hesab edirəm ki, gələcəkdə bu cür hallardan daha çevik və nisbətən az itki ilə çıxmaq üçün bir sıra addımlar atılmalı, online/distant təhsilin daha keyfiyyətli və işlək mexanizmi hazırlanmalıdır.  

– Son olaraq nəyi əlavə etmək istəyərsiniz?

Tələbələrimizə demək istəyirəm ki, bu sahədə uğur qazanmaq üçün daim üzərlərində işləsinlər, əlavə biliklərə yiyələnsinlər, dənizçiliklə bağlı ədəbiyyatlarla maraqlansınlar, bu sahədə baş verən yenilikləri izləsinlər, idmanla məşğul olsunlar və dil öyrənsinlər.

– Elşən müəllim, vaxt ayırdığınız üçün Sizə təşəkkür edir və fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq!

Musa Əliyev – ASCO-nun İctimaiyyətlə əlaqələr departamentinin əməkdaşı

seanews.az