Böyük Britaniyanın BP şirkəti Azərbaycanda təsdiq olunmuş qaz ehtiyatları üzrə qiymətləndirilməsini dəyişməyib.
“APA-Economics”in BP-nin illik icmalına istinadən verdiyi məlumata görə, 2020-ci ilin sonuna Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları 2,5 trln. kubmetr təşkil edib ki, bu da 2019-cu ilin göstəricisinə bərabərdir.
Qeyd olunur ki, 2000-ci ilin axırına bu göstərici 1 trln. kubmetr təşkil edirdi.
İcmala əsasən, 2020-ci ilin sonuna dünyada təsdiq olunmuş qaz ehtiyatları 188,1 trln. kubmetrə bərabər olub (Azərbaycanın payı – 1,3%), bu da illik ifadədə 1,16% azdır.
Xatırladaq ki, BP şirkəti Azərbaycanda bir sıra neft-qaz layihələrin aktiv iştirakçısıdır. Belə ki, şirkət Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çiraq-Günəşli” neft-qaz yataqları blokunun və “Şahdəniz” qaz-kondensat yatağının işlənilməsi layihələrində iştirak edir.