Qədim dövrün məşhur dəniz səyyahı

243

Karfagen hakimi, admiral Qannon tarixə Afrikanın qərb sahili ilə  cənuba doğru üzmüş ilk səyyah kimi düşüb.

Admiral həm də əlli avarı olan qayıqlarla dövrünün  ən böyük dəniz səyahətlərindən birini gerçəkləşdirib. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, Qannonun ayaq basdığı Qvineya sahillərinə  avropalılar karfagenlərdən təqribən 2000 il sonra gəlib çıxa biliblər.  

Eramızdan  əvvəl 525‐ci ildə  (başqa bir iddiaya görə 530‐cu ildə) Afrikanın qərb sahillərində  yeni məskənlər salmaq məqsədi ilə  minlərlə karfagenli 50 avarı olan 60 gəmi ilə dənizə çıxırlar.

Aralıq dənizi ilə  qərbə  doğru hərəkət edən karfagenlilər Cəbəllütariq boğazından keçib Atlantik okeanına daxil olurlar. Afrika sahillərində  bir sıra yeni ticarət məntəqələri yarada‐yarada Atlantik okeanı ilə  üzüaşağı enirlər. “Çoxlu timsah və  begemot olan, böyük, enli  bir çayla”, yəqin ki, indiki Seneqal çayı ilə üzüyuxarı üzürlər. Sonra Atlantik okeanı ilə  cənuba doğru hərəkət edirlər.

Səyyahın məlumatına görə elə bir sahilə  gəlib çatırlar ki, burada gündüz ancaq meşə, gecələr isə  böyük alov görmək mümkün imiş.

Qannon daha sonra böyük bir yanar dağ barədə məlumat verir. Söhbət çox güman ki, Kamerunda hündürlüyü 4075 metrə  çatan və yerli əhalinin Allahlar dağı adlandırdığı nəhəng vulkan dağlarından gedir. 

Burada ilk dəfə  insanabənzər meymunlara rastlaşırlar. Bu haqda admiral yazır:“Körfəzin (yəqin ki, Qvineya körfəzinin) içərilərindəki adalardan birində  vəhşi adamlar yaşayır. Onların arasında çoxlu qadın vardır; bədənləri tüklə  örtülü idi; tərcüməçilər onları qorilla adlandırırdılar. Biz onları təqib etdik və kişilərdən heç birini tuta bilmədik; onların hamısı daş  atıb özlərini müdafiə  edə‐edə  təpələrə  dırmaşıb qaçdılar; üç qadını isə  ələ  keçirdik. Bu qadınlar onları tutub gətirənlərin dalınca gəlmək istəmir, dişləyir, cırmaqlayırdılar.” (43, s. 27).

Beləliklə, karfagenli admiralın çoxavarlı gəmiləri Atlantik okeanının Afrika sahilləri ilə Qvineya körfəzi sahillərinə qədər gəlib çıxır, lakin ərzaq çatışmazlığına görə, səyahətini davam etdirə  bilməyərək geri dönürlər. Bəzi tədqiqatçıların fikrincə isə, Qannon Afrikanın cənub burnunu da dolanıb keçibmiş…

seanews.az