BTQ ilə yükdaşımalarda rekord göstərici qeydə alınıb

234

Bu ilin I yarısında Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə 11 084 TEU konteyner daşınıb. Bu, ötən il daşınmış konteynerlərin sayına (11 748 TEU) yaxındır.

“Report” bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) törəmə şirkəti – “ADY Konteyner” MMC-yə istinadən xəbər verir.

Məlumata görə, BTQ ilə bu ilin əvvəlindən təyinat stansiyalarına 369 TEU idxal, 397 TEU ixrac, 10 318 TEU tranzit yükü çatdırılıb. Konteynerlərdəki yüklərə gəlincə, ən çox əlvan metallurgiya və kimya sənayesi məhsulları, avadanlıqlar, taxıl və taxıl məhsulları, tekstil, heyvan yemləri, tikinti materialları daşınıb.

Ən çox konteyener 3206 TEU olmaqla Qazaxıstan-Türkiyə marşrutu üzrə daşınıb. Əks istiqamətdə isə 552 TEU yük çatdırılıb. Çindən Türkiyəyə 2 915 TEU, Türkmənistandan 912 TEU, Özbəkistandan isə 747 TEU yükdaşıma həyata keçirilib.

BTQ dəmir yolu xətti 2017-ci il oktyabrın 30-da istifadəyə verilib. İndiyə qədər onunla 33 267 TEU konteyner daşınıb. Burada tranzitin payı 26 828 TEU təşkil edib. Bu isə BTQ ilə daşınan ümumi yükün 81 %-i deməkdir.