SOCAR Pakistana neft və qaz tədarükü üçün iki kredit xətti təklif edib

38

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Pakistan hökumətinə neft və qaz tədarükü üçün 220 milyon ABŞ dollarından çox iki kredit xətti təklif edib.

Bu barədə “Report” Pakistan mətbuatına istinadən xəbər verir.

Məlumata görə, SOCAR il ərzində hökümətlərarası saziş (G2G) əsasında Pakistan Dövlət Nefti Şirkəti (PSO) və “Pakistan LNG Limited” (PLL) şirkətinə kreditlə neft məhsulları və mayeləşdirilmiş təbii qaz (LNG) yükləri tədarük etməyi təklif edib. Təklif LNG üçün 120 milyon ABŞ dolları və neft məhsulları üçün 100 milyon ABŞ dollarlıq iki ayrı kredit xəttini əhatə edib.

Ancaq Pakistan hökumətindən təkliflə bağlı heç bir açıqlama yoxdur.

Xatırladaq ki, SOCAR-ın təklifi mart ayında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun bu ilin yanvarında Pakistana səfərindən sonra irəli sürülüb. Nazirin bu ölkəyə səfəri zamanı hər iki ölkənin neft və qaz sahələrində ikitərəfli əməkdaşlığı genişləndirmək və strateji dostluq əlaqələrini qurmaq barədə razılığa gəlinib.

Qeyd edək ki, bu yaxınlarda SOCAR-ın Baş Əməliyyat müdiri Toğrul Köçərli Pakistanın Azərbaycandakı səfiri Bilal Hayeyə Pakistanın SOCAR-ın təklifinə cavabı ilə maraqlanmağa çağırıb. Görüş zamanı SOCAR rəsmisi qardaş dövlətin enerji ehtiyaclarının ödənilməsində kömək etmək üçün Azərbaycanın Pakistanla əməkdaşlığa hazır olduğunu söyləyib.