Avropanın nüfuzlu nəqliyyat-logistika portalı “TURKUAZ” layihəsindən yazıb

37

Avropanın nəqliyyat-logistika üzrə nüfuzlu media portalı “intermodalnews.eu” “ADY Konteyner” şirkətinin Türkiyənin “Pasifik Eurasia Logistics” və Gürcüstanın “GR Logistics and Terminals” şirkətləri ilə birgə hazırladığı yeni logistik məhsul – “TURKUAZ” layihəsi barədə yazı dərc edib.

Bu barədə AZƏRTAC-a “ADY Konteyner” MMC-dən bildirilib.

Xatırladaq ki, “TURKUAZ” layihəsi çərçivəsində Türkiyədən yola salınan ilk konteyner blok qatarı Bakıya bu il aprelin 14-də çatıb. Test qatarı hər biri 45 futluq olmaqla 21 konteynerdən ibarət olub. Türkiyədən Azərbaycana və əks istiqamətdə ixrac-idxal yükləri daşıyan qatarların müntəzəm olaraq fəaliyyət göstərməsi həm də Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə daşınan yüklərin həcminə əhəmiyyətli təsir göstərib. Belə ki, bu ilin 6 ayı ərzində BTQ ilə artıq 11 min 84 TEU konteyner daşınıb ki, bu rəqəm 2020-ci il ərzində daşınan konteynerlərin ümumi sayına (11 min 748 TEU) yaxındır.