Türkiyə Qara dənizdəki qaz ehtiyatlarının işlənilməsi planını hazırlayır

45

Türkiyə Qara dənizdəki qaz ehtiyatlarının işlənilməsi üzrə 30-35 illik istehsalat planı hazırlayır.

“APA-Economics”in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönmez deyib.

Onun sözlərinə görə, Türkiyənin Qara dənizdəki qaz ehtiyatlarının həcmi 540 mlrd. kubmetr təşkil edir ki, nəticədə, bu, Türkiyəni 10 ildən artıq bir müddətdə qazla təmin edə bilər.

“Amma bu, o demək deyil ki, biz xaricdən qaz idxal etməyəcəyik. Bu sahə üzrə 25-30 illik bir istehsal planı hazırlayırıq. Bugünkü məlumatlara əsasən, biz deyə bilərik ki, bununla qaz ehtiyacımızı 30-35% civarında təmin edə bilərik”, – F. Dönmez qeyd edib.

Nazirin sözlərinə görə, Türkiyə bu sahədə ilk bəhrələrini 2023-cü ildən etibarən görə biləcək. Hasil edilən “mavi yanacaq” sistemə daxil olduqca ölkə qaz ixracını azaldacaq. İlk ildə qaz sisteminə 3-5 mlrd. kubmetr civarında, 2028-ci il üçün isə 10-15 mlrd. kubmetr civarında hasil edilən qaz sistemə yönəldiləcək.

Xatırladaq ki, “SOCAR Türkiyə”nin (SOCAR-ın Türkiyədəki törəmə şirkəti) baş direktoru Zaur Qəhrəmanov öncə bildirmişdir ki, SOCAR Qara dənizdə təbii qaz ehtiyatlarının çıxarılmasında Türkiyəyə dəstək olmağa hazırdır.