Gəmiləri müşayiət edən İravadi delfinləri balıq sürüsünü balıqçıların torlarına salmağa kömək edirlər

298

İravadi delfinləriəsasən Hind okeanının Benqal körfəzi sahillərindən şimali Avstraliya sahillərinə qədərki ərazilərdə yayılıblar. Onlara Cənub-Şərqi Asiyanın sahil sularında, həmçinin Mekonq (Laos və Kamboca), Mahakam (İndoneziya) və İravadi (Birma) ərazilərinin təmiz sularında da rast gəlinir.

Digər delfinlərdən bir çox xüsusiyyətlərinə görə fərqlənən İravadi delfinlərinin başlarının ön hissəsi donqardır. Dəriləri boz-mavi, göyümtül-boz, qarın nahiyəsi isə nisbətən açıq rəngdə olur. Çəkiləri 114-143 kiloqrama, uzunluqları 146-275 santimetrə çatır.

İravadi delfinləri 3-10 başdan ibarət qruplarda yaşayırlar və bir qrupdan digərinə keçə bilirlər. Üzərkən başlarını sudan çıxararaq nəfəs alırlar. Əsasən balıq, molyusk və xərçəngkimilərlə qidalanır, cəld və sürətlə üzürlər. Diri bala doğurlar. Yeni doğulmuş balası 12 kq ağırlığında və uzunluğu 1 metrdən çox olur. 20-30 il yaşayırlar.

İravadi delfini insanlara çox yaxındır. Balıqçılar onları “İnsanın dostu” sayırlar. Bu delfinlər tez-tez balıqçı gəmilərini müşayiət edir və balıq sürüsünü yerli balıqçıların torlarına salmağa kömək edirlər. Lakin bəzən delfinlər məhz bu balıq torlarına ilişərək, onların içində qalaraq ölürlər.

Dünya Yabanı Təbiət Fondunun (WWF) mütəxəssisləri İravadi delfinlərinin sürətli şəkildə azalmasından narahatdır. Bu unikal məməlilərin sayı artıq kritik səviyyəyə düşmüşdür.

seanews.az