“SOCAR New Energy” Ukraynaya LPG tədarükünə başlayıb

58

“Rosneft”in neft məhsullarının Ukraynaya tədarükü üzrə eksklüziv tədarükçü olan “SOCAR New Energy” şirkəti uzunmüddətli müqavilələr əsasında Ukraynaya mayeləşdirilmiş karbon qazının (LPG) tədarükünə başlayıb.

“Report” xəbər verir ki, bu barədə “Argus” agentliyi məlumat verib.

Məlumata görə, LPG tədarükü üzrə uzunmüddətli müqavilələr 2021-ci ildə “SOCAR New Energy” şirkəti ilə 10 Ukrayna şirkəti arasında bağlanıb. “Rosneft”in zavodlarından ilk həcmlərin göndərilməsi iyulun 9-da həyata keçirilib. Treyderlər hesab edirlər ki, avqust ayından etibarən müqavilə bağlayan şirkətlərin sayı arta bilər.

Bu müqavilələr çərçivəsində iyul ayında Ukraynaya azı 23-25 min ton LPG çatdırılacaq, avqust ayında isə tədarük həcmləri 30-35 min tonadək yüksələ bilər.

Xatırladaq ki, may ayının sonunda “SOCAR New Energy” şirkəti Ukraynaya “Rosneft” istehsalı olan dizel yanacağının ilk tədarükünü həyata keçirib.

Məlumata görə, SOCAR şirkəti Ukraynaya, Polşaya, Baltikyanı və Şərqi Avropa ölkələrinə “Rosneft”in neft məhsullarının ixrac hüququ haqqında müqavilə imzalayıb.