Çoxları dənizdə təkcə istirahət etmək deyil, həm də müalicə olunmaq istəyir. Dəniz suyu ilə müalicə talassoterapiya adlanır. Dəniz suyu tərkibinə görə insan qanının plazmasına oxşayır. O, dərinin məsamələrindən qana keçib orqanizmi minerallarla zənginləşdirir. Dəniz suyunun müalicəvi təsiri haqqında çoxsaylı miflər mövcuddur…
AZƏRTAC “Rambler” resursuna istinadla dənizdə çimməyin faydaları haqqında populyar yeddi mifi nəzərdən keçirməyi təklif edir.
Mif 1. Dənizdə mümkün qədər çox çimmək
Dənizdə çimməyin ideal vaxtı 10-15 dəqiqədir. Bu qədər vaxt orqanizmdə su-duz mübadiləsi prosesini işə salmağa yetərlidir. Dənizdə çimmə daha uzun sürərsə, bədənin soyuması və soyuqdəymə riski artır. Məsələ bundadır ki, duzlu su şirin suya nisbətən istini daha çox udur.
Mif 2. Dəniz suyu nə qədər isti olsa, bir o qədər yaxşıdır.
Sağlamlıq üçün temperaturu 20-24 dərəcə olan suda çimmək faydalıdır. Temperatur dəyişmələri və sərin suda fiziki fəallığın artması talassoterapiyanın mütləq şərtidir. Lakin hər bir xəstəliyin müalicəsinə müəyyən temperaturlu dəniz suyu lazımdır. Artıq çəkidən əziyyət çəkənlərə mübadilə proseslərini stimullaşdıran sərin su tövsiyə olunur. İlıq su ürək yığılmaları ritmini yavaşıdır, isti su, əksinə, sürətləndirir. Unutmayın ki, temperaturu 24 dərəcədən çox olan dəniz suyunda zərərli mikroorqanizmlər sürətlə çoxalmağa başlayır.
Mif 3. Dənizdə çimmədən sonra yuyunmamaq
Belə bir təzadlı fikir var ki, dənizdə çimmədən sonra yuyunmağa ehtiyac yoxdur, çünki dəridə qalan dəniz duzu sağlamlaşdırma prosesini davam etdirir. Doğrudur, dənizdən çıxandan sonra suyun təsiri hələ təqribən 20-30 dəqiqə davam edir. Lakin orqanizmin hüceyrələri dənizdə üzmə zamanı çoxlu toksin ifraz edir və bu toksinlər yuyulmalıdır. Əgər dəridə xora və yaralar varsa, onda dəniz suyu aşındırıcı təsir göstərib dermatoz deyilən dəri xəstəliyi törədə bilər. Bundan əlavə, hər dəniz suyunun təmiz olması ilə öyünə bilməz, qələbəlik şəhər çimərliklərində vəziyyət xüsusilə bərbaddır.
Əgər saçlarınız boyalıdırsa, onları islatmamaq, yaxud dənizdən çıxandan dərhal sonra yumaq lazımdır. Dəniz duzu yalnız saç dibi yağlı olan insanlara kömək edir.
Mif 4. Dəniz suyunda xalis yod yoxdur
Dəniz suyu sinir sisteminin müalicəsində istifadə olunan yod-bromla zəngindir. Bu maddənin dəniz suyunda konsentrasiyası optimaldır. Buna görə də dənizdə çimmək hətta ən əsəbi şəhər sakinini sakitləşdirir. Qalxanvarı vəzi xəstəliklərindən əziyyət çəkənlərin sahildə istirahəti həkimin təyin etdiyi preparatlarla uyğunlaşdırılmalıdır.
Mif 5. Burun-udlağı dəniz suyu ilə müalicə etmək
Bu, həm mif, həm də həqiqətdir. Əslində, dəniz suyu zərərli bakteriyalar üçün əlverişsiz mühitdir, onun tərkibində antiseptik və antibakterial təsirli komponentlər var.
Burun-udlağın dəniz suyu ilə yaxalanması nəzəri cəhətdən iltihabi xəstəliklərin müalicəsinə kömək etməlidir. Lakin limanlarda və qələbəlik yerlərdə dəniz suyu o qədər çirklənib ki, belə su ilə yaxalama mikrobların bəzilərini təmizləsə də, orqanizmi daha təhlükəli viruslara yoluxdura bilər. Ən təmiz dəniz suyu sahildən uzaqda iki min metrdən çox dərinlikdədir.
Mif 6. İçərisində dəniz suyu olan hovuz və vannalarda çimmə dənizdə çimməni əvəz edir
Dəniz suyu təbii mühitdən kənarda öz faydalı xüsusiyyətlərini 24 saatdan çox saxlaya bilmir. Dəniz suyu doldurulmuş hovuzda çimmə yalnız o halda faydalı ola bilər ki, onun içindəki su hər gün dəyişdirilsin. Bir də, hovuzlardakı suya adətən xlor qatılır və bu da dəniz suyunun faydalı xüsusiyyətlərinin çoxunu məhv edir. Hələlik dünyanın heç bir laboratoriyası dəniz suyunun təbii tərkibini süni şəkildə yarada bilməyib.
Mif 7. Dəniz suyunun duzluluğu nə qədər çox olsa, bir o qədər faydalıdır
Yanlış fikirdir. Duzun yüksək konsentrasiyası yalnız müəyyən xəstəliklərin müalicəsində faydalıdır. Məsələn, Ölü dənizdə çimmə ciddi dəri xəstəliklərindən əziyyət çəkənlərə faydalıdır. Duzluluq səviyyəsi aşağı, bir litr suda təqribən 18-20 milliqram olan dəniz suyu isə hamıya faydalıdır.