“Hazırda Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ilə hidrogenin daşınmasını həyata keçirmək üçün işlər davam etdirilir”.
Bunu “Report”a açıqlamasında TAP konsorsiumunun Direktorlar Şurasının üzvü Murad Heydərov bildirib.
Onun sözlərinə görə, bununla bağlı ilkin araşıdırmalar aparılır: “Təbii ki, burada TAP-ın tam olaraq hidrogenə keçməsindən söhbət gedə bilməz. Burada söhbət hidrogen qarışığının nəql edilməsindən gedir”.
M. Heydərov bildirib ki, bu məsələdə də xeyli qeyri-müəyyənliklər mövcuddur: “Aparıcı nəqletmə şirkətləri hazırda bunu araşdırırlar”.
O, TAP kəməri ilə neçə faiz hidrogenin nəql edilməsi məsələsinə münasibət bildirməkdən çəkinib: “Arada mətbuatda yazırlar ki, boru kəmərləri ilə heç bir əlavə investisiya etmədən 20 % hidrogen qarışığını nəql etmək mümkün olar. Avropanın aparıcı nəqletmə şirkətləri proqnozlarında ehtiyat edirlər və bu həcmlərin 2 % ətrafında olacağını bildirirlər. Hələlik bununla bağlı heç kəsin dəqiq məlumatı yoxdur və araşdırmalar davam etdirilir”.
M. Heydərov qeyd edib ki, bu məsələdə xeyli kompleks problemlər mövcuddur: “Burada texnoloji, əməliyyat, kommersiya və prosedur faktorları var. TAP da, kəmərin digər təsisçiləri kimi, eyni zamanda, ayrı-ayrılıqda bunun araşdırması ilə məşğuldur və ilkin araşdırmanın nəticələri ilin sonuna kimi məlum olacaq”.
Xatırladaq ki, TAP Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Şahdəniz” yatağından təbii qazı Avropaya daşıyır. 878 km-lik boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans Anadolu Boru Kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənub sahillərinə çatır.
2020-ci il dekabrın 31-dən etibarən Avropaya tǝbii qaz axınının başladığı layihədə ilk gün TAP vasitǝsi ilǝ Avropaya 10,9 milyon kubmetr tǝbii qaz nəql edilib.
TAP perspektivdə tikiləcək interkonnektorlar vasitəsi ilə Çənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü stimullaşdıra bilər. Misal üçün Bolqarıstan təbii qaza tələbatının 33 %-ni TAP vasitəsilə təmin edərək təchizat təhlükəsizliyini gücləndirməyə qadir olacaq. Bu da, öz növbəsində, ölkədə təbii qazın nüfuz dairəsini artıracaq. TAP-ın Yunanıstan və Albaniya ərazisində, habelə İtaliyadakı çıxış nöqtələri Azərbaycan qazının digər Avropa ölkələrinə nəqli üçün də imkanlar açır.