“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sədri Rauf Vəliyev Rusiyanın Admiral S.O.Makarov adına Dövlət Dəniz və Çay Donanması Universitetinin rektoru C.O.Barışnikovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
ASCO sədri Rauf Vəliyev əvvəlcə qonaqlara son illərdə ölkəmizdə nəqliyyat-logistika, xüsusilə gəmiçilik sahəsində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. Sədr qeyd edib ki, dünyanı cənginə alan koronavirus pandemiyasına baxmayaraq, bu il ASCO üçün bir çox əlamətdar hadisələrlə yadda qaldı. Donanmamızın tərkibi ilk milli RoPax tipli “Azərbaycan” gəmisi ilə zənginləşdirildi, dünyanın ilk tanker-muzeyi – “Suraxanı” fəaliyyətə başladı, həmçinin ASCO əməkdaşları üçün yeni inzibati binanın açılışı oldu.
Sədr bildirib ki, postsovet məkanında, o cümlədən Avropada peşəkar dənizçi kadrların hazırlanmasında zəngin təcrübəsi olan Admiral S.O.Makarov adına Dövlət Dəniz və Çay Donanması Universiteti ilə ASCO-nun tərkibində fəaliyyət göstərən Azərbaycan Dövlət Dəniz Akademiyası arasında əməkdaşlıq üçün geniş imkanlar var. O, mövcud potensialdan istifadə etməyin vacib olduğunu önə çəkərək gələcəkdə bu istiqamətdə konkret addımların atılmasında ASCO-nun maraqlı olduğunu diqqətə çatdırıb.
Admiral S.O.Makarov adına Dövlət Dəniz və Çay Donanması Universitetinin rektoru C.O.Barışnikov Rusiyada son zamanlar su nəqliyyatı sahəsində əldə olunan nailiyyətlər, həmçinin təmsil etdiyi təhsil müəssisəsində tədrisin keyfiyyəti barədə ətraflı məlumat verib. Rektor qeyd edib ki, pandemiya dövründə Admiral S.O.Makarov adına Dövlət Dəniz və Çay Donanması Universiteti online təhsil sisteminin uğurlu tətbiqinə nail oldu, nəticədə tədris prosesində hər hansı çətinlik yaranmadı.
Qeyd edək ki, Admiral S.O.Makarov adına Dövlət Dəniz və Çay Donanması Universitetində 17000 tələbə təhsil alır. Dünyanın 39 ölkəsindən 350 xarici tələbənin oxuduğu universitetdə azərbaycanlılar da təmsil olunur. Rektor bildirib ki, onlar təhsillərini yüksək göstəricilərlə davam etdirirlər.
C.O.Barışnikov Azərbaycan Dövlət Dəniz Akademiyası ilə əməkdaşlıqda maraqlı olduğunu, eyni zamanda təcrübələrini azərbaycanlı həmkarları ilə bölüşməyə hazır olduqlarını bildirib.
Azərbaycanda səfərdə olduğu müddətdə bir çox görüşlər keçirməyi nəzərdə tutan qonaqlar Azərbaycan Dövlət Dəniz Akademiyasının fəaliyyəti ilə yaxından tanış olacaq, təhsil sahəsində əməkdaşlığın detallarını müzakirə edəcəklər.
asco.az