Hyuston limanında kompyuterlərdəki problemlər iki konteyner terminalında işi saxlayıb

297

“Port Hyuston” limanının iki konteyner terminalı kompyuterlərdəki problemlər səbəbindən bir müddət bağlanıb.

“Seanews.az” xəbər verir ki, hadisə barədə limanın icraçı direktoru Rocer Günter deyib:

-İyulun 27-də “Barbours Cut” və “Bayport” konteyner terminallarının işində istifadə olunan tətbiqləri dəstəkləyən saxlanc sistemlərində xətalarla üzləşdik. Mütəxəssislərimiz dərhal məlumatları ehtiyat cihazlara köçürtdülər və terminallar yenidən məlumatları emal etməyə başladı. Ancaq bu, çox çəkmədi. İki saat sonra ehtiyat qurğular da sıradan çıxdı və terminallardakı qızğın iş yenidən dayandı.

Limanda bildiriblər ki, hadisəni Hyuston limanının əməliyyat sisteminə hər hansı kiber hücumla bağlamaq lazım deyil.

Dokerlər hadisə zamanı limanda olan gəmilərdə yükaşırma əməliyyatlarını davam etdiriblər, yeni gələn gəmilərlə isə belə əməliyyatlar “mümkün olmayıb”.

Hyuston limanındakı “Barbours Cut” və “Bayport” konteyner terminalları ABŞ-ın Meksika körfəzindəki bütün konteyner yüklərinin 60% -dən çoxunu işləyir. Cari ilin altı ayında 1,6 milyon TEU işlənib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 13% çoxdur.

Hazırda Hyuston limanında konteyner terminallarının fəaliyyəti bərpa edilib.