Baltik dənizindəki ən böyük konteyner terminalı ildə 600-dən çox gəmini qəbul edir

255

Polşanın Qdansk limanı son on ildə Avropada ən sürətlə inkişaf edən yükaşırma müəssisəsidir. Limanın konteyner terminalının gücünün 2025-ci ilədək 1,5 dəfə artırılması planlaşdırılır.

“Seanews.az” xəbər verir ki, 2007-ci ildən fəaliyyət göstərən Qdansk konteyner terminalının illik gücü hazırda 3 milyon TEU təşkil edir. T1 və T2  terminalları müvafiq olaraq 2007 və 2016-cı illərdə istismara verilib. Baltik dənizindəki bu ən iri konteyner terminalı dünyanın ən nəhəng 100 konteynerdaşıyanı da daxil olmaqla ildə 600-dən çox gəmini qəbul edir. 

“Baltik Hub 3” adlı yeni – üçüncü terminalın inşası ilə limanın illik gücü 1,5 milyon TEU artacaq və 4,5 milyon TEU-ya çatacaq. Layihəyə 450 milyon avro vəsait qoyulacaq. Uzunluğu 717 metr olan yeni körpüdə suyun dərinliyi 18 metrdən az olmayacaq. Bundan başqa, konteynerlər üçün 36 hektar ərazi ayrılacaq. Layihədə dünyanın ən nəhəng gəmilərində yük əməliyyatını həyata keçirməyə imkan verəcək 7 liman kranının alınması da nəzərdə tutulur.

İnşasına gələn ilin ikinci rübündə başlanacaq terminal 2024-cü ilin ortalarında istifadəyə veriləcək.