Çirkli çaylardakı plastik tullantıları “ultra təmiz” dəniz yanacağına çevirəcəklər

41

Finlandiyanın “Riverrecycle” adlı tullantıların idarə edilməsi şirkəti İngiltərənin bərpa olunan enerji üzrə ixtisaslaşan “Clean Planet Energy” şirkəti ilə  çayları təkrar emal edilməyən plastik tullantılardan təmizləmək və onları “ultra təmiz” dəniz yanacağına çevirmək barədə razılığa gəliblər.

“Seanews.az” xəbər verir ki, tullantıları yanacağa  çevirəcək zavodların inşasına 2022-ci ilin əvvəlində İndoneziya və Filippində başlamaq planlaşdırılır.

Müqaviləyə əsasən, “Riverrecycle” ən çirkli çayların sahillərində tullantıların idarə edilməsi sisteminin qurulmasına, xüsusən də plastik və digər üzən zibillərin yığılmasına cavabdeh olacaq.

Öz növbəsində, “Clean Planet Energy” şirkəti ekoloji cəhətdən təmiz dəniz yanacağının istehsalı üçün layihədə nəzərdə tutulan neft emalı zavodlarını və digər ekoloji obyektləri tikəcək və onları istismar edəcək.

Bu ilin mart ayında “Clean Planet Energy” iki yeni “ultra təmiz” dəniz yanacağı təqdim edib. “Clean Planet Oceans” markalı bu məhsulların zərərli CO2 emissiyalarını 75%-dən çox və hava çirkləndiricilərini isə 1,5 min dəfə azaltması gözlənilir.

Beynəlxalq Təbiəti Mühafizə Birliyinin məlumatına görə, hər il okeanlara ən azı 8 milyon ton plastik məmulatlar daxil olur – bu, dənizlərdəki bütün zibillərin (səth sularından dərin dəniz çöküntülərinə qədər) 80%-ni təşkil edir.

Son 10 ildə aparılan araşdırmalara görə, çaylar plastik tullantıların okeanlara daxil olmasının əsas yollarından biri çaylardır.

“National Geographic”-in bu il yaydığı hesabata görə, ətraf mühiti ən çox çirkləndirən 50 çaydan 44-ü Asiya və ya Cənub-Şərqi Asiyada yerləşir”.