“MCS Industries” şirkətinin Federal Dəniz Komissiyasına şikayəti araşdırılacaq

42

ABŞ-da yerləşən və mebel istehsalı üzrə ixtisaslaşan “MCS Industries” şirkəti Federal Dəniz Komissiyasına dünyanın ən böyük konteyner xətlərinin Asiyadan idxal yüklərinin daşınmasında müqavilə öhdəliklərini pozmaları ilə bağlı şikayət edib.

“Seanews.az” xəbər verir ki, “MCS Industries” Gəmiçiliyə dair 1984-cü ildə qəbul edilmiş ABŞ Qanununun pozulduğunu idda edir və  600.000 dollar təzminat istəyir. Şirkət “COSCO” və “MSC” də daxil olmaqla konteyner xətlərinin “müştərilərin hesabına ədalətsiz və əsassız olaraq görünməmiş qazanc əldə etdiklərini” düşünür.

Şikayətçinin açıqlamasına görə,”konteyner xətləri birgə, alyans şəklində fəaliyyət göstərir və pandemiyanın fəsadlarından ABŞ istehlakçılarının hesabına varlanmaq üçün istifadə edirlər. Konteyner çatışmazlığı və məhdud tutum onlara qiymətləri hədsiz dərəcədə artırmaq imkanı verir. Hazırda iki il əvvəlki ilə müqayisədə 7-10 dəfə yüksək faizlər alırlar.”

Bildirilir ki, 2019-cu ildə Çindən ABŞ-a bir konteynerin çatdırılma qiyməti təxminən 2,7 min dollar idisə, hazırda bu rəqəm 15 min dollardır.

Xatırladaq ki, iki həftə əvvəl ABŞ Prezidenti Co Bayden Amerika iqtisadiyyatında rəqabəti artırmaq və böyük şirkətlərin təsirini məhdudlaşdırmaq məqsədi ilə bir fərman imzalamışdı. O, “qlobal konteyner gəmiçiliyi sənayesinin ABŞ ixracatçılarını əlverişsiz vəziyyətə sala biləcək az sayda dominant xarici xətt və ittifaqda birləşdiyini” qeyd edib.