“Austal Limited” avqustda növbəti yüksəksürətli bərənin inşasına başlayacaq

40

“Austal Limited” gəmiqayırma şirkəti yüksəksürətli, ikigövdəli bərənin dizaynı və inşası üçün 20,5 milyon avro (təxminən 32,8 milyon dollar) dəyərində müqavilə imzalayıb.

“Seanews.az” xarici KİV-lərə istinadən xəbər verir ki, Fransanın “Degage” şirkətlər qrupu üçün nəzərdə tutulan bərənin inşasına cari ilin avqustunda Vyetnamın “Austal” gəmiqayırma zavodunda başlanacaq. Cədvələ görə, gəmi 2023-cü ilin birinci yarısında sifarişçiyə təhvil verilməlidir.

“Austal Passenger Express 66” layihəli bərənin uzunluğu 66,4 metr, eni  15,2 metr, suya oturumu 1,8 metrdir. Heyətin yaşaması üçün  2 birnəfərlik və 7 ikinəfərlik kayutlar nəzərdə tutlub. Səfərə 574 sərnişinlə çıxacaq gəmi həm də iki kranla vurulmuş 16 ton yük daşıya biləcək.

Dörd dizel mühərriki olan katamaran tipli bərənin maksimal sürəti  35.8 düyündür.

Yeni gəmi Papeete (Taiti) və Vaytape (Bora Bora) arasındakı “Apetahi Express” bərə xəttinə xidmət göstərəcək.

Yüksəksürətli sərnişin və yük bərələrinin (katamaran, trimaran), patrul və döyüş gəmilərinin, köməkçi və çoxməqsədli gəmilərin və şəxsi yaxtaların inşası üzrə ixtisaslaşan “Austal” şirkətinin əsası 1988-ci ildə qoyulub.  Baş ofisi Avstraliyanın Henderson şəhərində yerləşən şirkət hazırda alüminiumdan hazırlanmış hərbi və mülki gəmilərin inşasında dünyada liderdir.

Gəmiqayırma müəssisələri Qərbi Avstraliyada, ABŞ-da (Mobil, Alabama ştatı), Filippində (Balamban) və Vyetnamda (Vunqtau) yerləşən  “Austal” şirkəti  indiyədək 300-dən çox fərqli gəmi inşa edib.