Ekologiyanın qorunmasını və yaxşılaşdırılmasını hər zaman ən vacib prioritet olaraq qəbul edən Bakı Limanı, bu hədəf çərçivəsində bir sıra beynəlxalq layihələrin icrasını uğurla yekunlaşdırıb və regionda “Yaşıl Liman” statusuna malik ilk liman adını qazanıb.
Bu barədə “Report” “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə istinadən xəbər verir.
Bildirilir ki, üstəlik Bakı Limanı Avropa Dəniz Limanları Təşkilatı tərəfindən bu il yenidən “EcoPorts” sertifakatına layiq görülüb. Beləki, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Bakı Limanının əməliyyat potensialının gücləndirilməsinə dəstək-faza 2” layihəsi çərçivəsində Bakı Limanında ətraf mühitin mühafizəsi üçün bir sıra uğurlu fəaliyyətlər həyata keçirib, ekoloji risklərin minimuma endirilməsi üçün proaktiv qabaqlayıcı tədbirlər tətbiq edilib.
Növbəti istiqamət olaraq Bakı Limanı mövcud ekoloji inkişaf konsepsiyası çərçivəsində hava keyfiyyətinə nəzarətin gücləndirilməsinə dair istixana qazlarının emissiyasını 2035-ci ilə qədər “0”a endirilməsini hədəfləyib. Elə bunun üçün də beynəlxalq ekspertlərlə birgə “Bakı Limanı 2035 – CO2 zero emission” üzrə uzunmüddətli strategiya hazırlanıb və bu gün, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin rəhbərliyinə təqdim edilib. Tədbirdə bir daha vurğulanıb ki, yeni strategiya əsas baza rolunu oynayacaq və bu istiqamətdə atılacaq əməli addımlarla, Bakı Limanında hədəfə nail olunacaq.