Bu il Azərbaycan Belarusa nə qədər neft tədarük edəcək?

38

2021-ci ildə Azərbaycanın Belarus neft emalı zavodlarına neft tədarükünün həcmi ötən illə eyni səviyyədə və ya daha çox ola bilər.

“Report”un məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətininn (SOCAR) 2020-ci il üzrə “Davamlı İnkişaf Hesabatı”nda bildirilib.

“2020-ci ildə “SOCAR Trading” Belarus Neft Şirkəti (BNK) ilə Azərbaycan neftinin, eləcə də potensial olaraq digər neft növlərinin Belarus neft emalı zavodlarına tədarükü üçün uzunmüddətli müqavilə imzalayıb. 2020-ci ildə “SOCAR Trading” artıq Belarusa bir milyon ton “Azeri Light” və digər növ neft tədarük edib”, – hesabatda deyilir.

Bu il artıq 360,1 min ton ümumi həcmdə Azərbaycan nefti 4 tanker ilə Belarusa göndərilib. Göndərilən neftin dəyəri 131 milyon ABŞ dolları təşkil edir.

Bütövlükdə “SOCAR Trading” şirkətinin Belarus tərəfilə imzaladığı müqaviləyə görə cari ildə sözügedən ölkəyə 1 milyon tonadək neft ixrac olunacaq.

Qeyd edək ki, aprelin 14-də SOCAR ilə Belarusun “Belneftexim” dövlət şirkəti arasında imzalanmış anlaşma memorandumunda Belarusda istehsal edilən neft məhsullarının birgə ixracatı, Azərbaycan neftinin Belarus bazarında birgə satışı, habelə müştərək sərmayə layihələrin icrası nəzərdə tutulur.

Xatırladaq ki, “SOCAR Trading” dünyanın 100-dən çox neft emalı zavoduna neft tədarük edir və bütün əsas beynəlxalq bazarlarda mövcuddur. Bu gün “SOCAR Trading” ən böyük ticarət şirkətlərindən biridir və satdığı neftin böyük hissəsi Azərbaycanda hasil edilməyən neftdir.