Əcnəbi alimlərdən proqnoz: “Xəzər quruyur”

276

Alman və holland alimləri Xəzər dənizinin gələcəyi barədə yenidən neqativ proqnozlar irəli sürməyə başlayıblar. Bu öntəxminə əsasən, Xəzər dənizinin şimalında 9 metrlik enmə gözlənilir. Sözügedən proqnoz özünü doğruldarsa, Xəzər regionun ekoloji, iqtisadi və siyasi stabilliyində böyük problemlər yarada bilər. Su səviyyəsi 18 metr enəcəyi təqdirdə isə regionun gələcəyi daha da acınacaqlı görünür.

Bəs uzun müddətdir, əcnəbi ekoloq-alimlərin 2012-ci ildə qiyamət qopması ilə bağlı ortaya atılmış hipotezlərə bənzər ehtimalları gerçək ola bilərmi?

Ekoloq Telman Zeynalovun məsələ bağlı danışıb: “Deyərdim ki, Azərbaycanda yağıntı yoxdur. Dağlarda sel gəlir. Rusiyanın özü başdan-ayağa yağıntı altındadır. Necə ola bilər ki, Xəzər qurusun? Əgər yağıntı varsa, əgər Volqa çayında su varsa, Rusiya tərəfdən 174 dənə çay dənizə tökülürsə, Xəzər necə quruya bilər?”

Alimin fikrincə, Xəzərin əsasən iki amil quruda bilər. Birincisi yeraltı çatlardır ki, bu ehtimalı doğrulayan hadisə Xəzərdən 75 metr hündürlükdə yerləşən Aral dənizinin qurumasıdır. Həmin ərəfələrdə Xəzərdə qabarma müşahidə olunmuşdu. Yəni, hazırkı quruma prosesi tamam fərqli qabarma hadisəsinin başlanğıcı ola bilər. İkinci amil isə Rusiyanın dünya okeanlarını birləşdirmək üçün kanal çəkilişlərinə başlamasıdır: “Rusiyanın 4 dənə layihəsi var. Şimal Okeanı ilə Cənubu birləşdirmək. Bunlar da Xəzərin düz ortasından kanalı çəkir. Bu nə deməkdir? Azərbaycandan soruşublar? Nəhəng dövlətdir, nə istəyir, onu da edir”.

Müsahibə əsnasında öyrəndik ki, Xəzər üçün əsas təhlükə təkcə iqlim dəyişikliyi və layihələr deyil. Sən demə, vaxtilə bu dənizi bilərəkdən qurutmağa çalışanlar da olub: “1945-50-ci illərdə Stalin Baybakovu yanına dəvət edib deyir ki, hazırlaş. Hesabla, Xəzər dənizini qurutmaq üçün bizə nə qədər pul lazımdır? Baybakov Azərbaycanda işləyirdi. O dövrdə Azərbaycanın iqtisadi cəhətdən rəhbəri idi. Stalin niyə qurutmaq istəyirdi? Deyirdi ki, biz Xəzəri neftinə görə udmuşuqsa, bizə neft və qaz lazımdır. Xəzərin dibi də bunlarla doludur”.

2010, 2012, 2016, 2017, 2019 və 2021. Bu rəqəmlər Xəzərin enib-qabarma intensivliyinin göstəricisidir. Hadisələr o qədər sürətlə cərəyan edir ki, konkret gələcəyi proqnozlaşdırıb, Xəzər ətrafında yeni obyektin tikintisinə başlamaq açıq risk deməkdir. Doğrudur, hətta təkcə dənizin şimal hissəsinin quruması belə Azərbaycanda biomüxtəlifliyin məhvindən, torpaqların şoranlaşmasına kimi bir sıra problemlərə yol aça bilər. Lakin görünən odur ki, yaxın bir neçə yüzillikdə Xəzəri Aralın aqibəti gözləmir. Təbii, hansısa kanal çəkilişlərini nəzərə almasaq…

Mir Çingiz Ağazadə

Üzeyir Ağayev

APA TV