Əfsanəvi şəxsiyyət Mahmud Rəhimov – VİDEO

51

Mahmud Cəfərqulu oğlu Rəhimov 1905-ci ildə Bakı şəhərində anadan olub. Əmək fəaliyyətinə 1920-ci ildə Bakı şəhərində Su nəqliyyatının ərzaq şöbəsində agent işləməklə başlayaraq Gəmiçiliyin rəisi vəzifəsinə kimi yüksəlib.

1931-ci ildə əməkdə fərqlənmiş işçilər sırasında Leninqrad (Sankt-Petrburq) şəhərindəki Su Nəqliyyatı Mühəndisləri İnstitutuna orta komandir heyəti kurslarına göndərilib.

Bakıya, Xəzər Dəniz Gəmiçiliyinə qayıtdıqdan sonra dispetçer, baş dispetçer, istismar şöbəsinin rəis müavini, “Xəzərtanker” Gəmiçiliyinin rəis  müavini vəzifələrində çalışıb.

Mahmud Rəhimovun parlaq təşkilatçılıq qabiliyyəti 1942-1952-ci illərdə “Xəzərtanker” Gəmiçiliyinin rəisi vəzifəsində çalışarkən özünü xüsusilə  biruzə verib. Onun bilavasitə rəhbərliyi ilə Böyük Vətən müharibəsi  illərində cəbhəni fasiləsiz neft məhsulları ilə təmin etmək kimi ağır və məsuliyyətli iş uğurla görülüb. Müharibə illərindəki fədakar əməyinə və böyük uğurlarına görə M.Rəhimovun rəhbərliyi ilə “Xəzərtanker”in kollektivi SSRİ Müdafiə Komitəsinin Qırmızı Bayrağı ilə (əbədi saxlanılmaqla) təltif edilib.

1952-1956-cı illərdə Mahmud Rəhimov Azərbaycan SSR Nazirlər Soveti Sədrinin müavini işləyib. 1956-cı ildə Xəzər Dəniz Gəmiçiliyinin rəisi təyin olunub.

Gəmiçiliyin rəisi kimi M.Rəhimov donanmanın, xüsusilə onun özəyini təşkil edən tanker donanmasının bərpasına, yeniləşdirilməsinə və inkişafına ciddi fikir verib. Xəzərdə Bakı ilə Krasnovodsk (Türkmənbaşı) limanları arasında gəmi-bərə keçidinin inşasının təşəbbüskarlardan və reallaşdıranlardan biri olub. Mükəmməl nəqliyyat – dəmir yolu – bərə sisteminin yaradılmasında misilsiz xidmət göstərib. Keçən əsrin 60-cı illərində M.Rəhimovun sayəsində donanmanın suya az oturan “Mühəndis Pustoşkin” tipli tanker və “Mühəndis Belov” tipli quru yük daşıyan gəmilərin Qara və Aralıq dənizlərində istismarına icazə verilir. Bu, Xəzər Gəmiçiliyinin dənizçilərinə beynəlxalq sulara çıxaraq təcrübələrini dünya standartlarına uyğun zənginləşdirmək imkanı yaradır. Bakı limanında qeydiyyata alınmış gəmilər dünyanın 100-dən artıq limanına daxil olur.   

Mahmud Rəhimov donanmanın və Gəmiçiliyin sahil strukturlarının inkişafı ilə bağlı məsələlərdən başqa, habelə donanmanın idarə edilməsi metod və üsullarının təkmilləşdirilməsi, dənizçilərin sosial problemlərinin həlli, xüsusilə də yaşayış binalarının tikintisi ilə gündəlik məşğul olurdu. Məhz onun dövründə dənizçilər, liman işçiləri, gəmi təmirçiləri, bir sözlə  Gəmiçiliyin bütün struktur bölmələrində  çalışanlar üçün mənzil tikintisinə başlanılıb. 553-cü, 555-ci, 557-ci və sairə yaşayış məhəllələri salınıb. 600 min kv.metrdən artıq yaşayış sahəsi, uşaq bağçaları, mədəni-məişət obyektləri və pansionatlar tikilib.

M.Rəhimov 1965-ci ildə dəniz nəqliyyatının inkişaf etdirilməsinə kömək məqsədi ilə Birləşmiş Ərəb Əmirliklərinə göndərilib, burada SSRİ Dəniz Donanması Nazirliyinin səlahiyyətli nümayəndəsi kimi çalışıb. 1966-cı ildə Xəzər Dəniz Gəmiçiliyinin İrandakı Baş dəniz agentliyinə rəis təyin edilib.

Mahmud Rəhimov çalışdığı bütün sahələrdə işə vicdanlı münasibəti ilə seçilib. Onun təvazökarlığı, qəlb açıqlığı, yaranan problemlərin həllində israrlı olması, kadrlara tələbkarlığı ilə bərabər, onlara qayğı ilə yanaşması – Vətən qarşısında borcu yerinə yetirməyin ən parlaq nümunəsi idi.

Mahmud Rəhimovun əmək fəaliyyəti çox yüksək – dörd dəfə Lenin ordeni (keçmiş SSRİ dövründə bu, çox nadir hadisə idi), “Qırmızı Əmək Bayrağı” ordeni və bir çox medallarla qiymətləndirilib.

10 iyul 1989-cu ildə dünyasını dəyişsə də nurlu şəxsiyyət  Mahmud Cəfərqulu oğlu Rəhimovun xatirəsi Xəzər dənizçilərinin qəlbində yaşayır və həmişə də yaşayacaqdır.  

Müəllif: Sevda Abdullayeva – İctimaiyyətlə əlaqələr departamentinin aparıcı mütəxəssisi

seanews.az